Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT baş katibi: "Pandemiya qadın və qızların artıq üzləşdiyi dərin bərabərsizlikləri daha da gücləndirir"



Newscenter.az.6.03.2021. Beynəlxalq Qadınlar Gününü qlobal pandemiya dövründə qeyd etdiyimiz dövrdə hamımız üçün bəlli bir həqiqətlə üzləşirik: COVID-19 böhranı qadın simasına sahibdir. Pandemiya qadın və qızların artıq üzləşdiyi dərin bərabərsizlikləri daha da gücləndirir və gender bərabərliyi naminə illər ərzində əldə olunan irəliləyişləri heçə endirir.

Newscenter.az xəbər verir ki, bu fikirlər BMT-nin baş katibi Antonio Quterreşin 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunan məqaləsində müraciətində əksini tapıb. Baş katib qeyd edib ki, pandemiya əsasən qadınların işlədiyi sektorlara daha ciddi təsir edib. Pandemiya ilə mübarizənin “ön cəbhəsində” olan qüvvənin əsasını qadınlar təşkil edir. Bunların da əksəriyyəti iqtisadi inkişafın aşağı pilləsində olan irqi və etnik baxımdan marqinal qrupları təmsil edirlər:

"Qadınların iş yerini itirmək və gəlirlərinin sürətlə azalmasına məruz qalmaq ehtimalı 24% daha çoxdur. Onsuz da geniş yayılan genderlər arası maaş fərqi daha da artıb. Bu, səhiyyə sektorunda da özünü büruzə verib. Evdən çıxmağa qadağanın qoyulması və məktəb və uşaq bağçalarının bağlanması səbəbindən ödənişsiz qayğı yükünün həcmi kəskin dərəcədə artıb. Milyonlarla qız artıq məktəbə qayıtmaya bilər. Analar və xüsusilə tənha analar, ciddi çətinlik və narahatlıq doğuran hallarla qarşılaşır. Eyni zamanda, COVID-19 pandemiyası dünyada qadınlara qarşı şiddət epidemiyasının da yayılmasına səbəb olmuş, məişət zorakılığı, insan alveri, cinsi istismar və erkən evlilik hallarının sayında kəskin artıma təkan vermişdir".

Baş katib bildirib ki, səhiyyə işçilərinin əksəriyyətinin qadın olmasına baxmayaraq, son araşdırmalardan biri COVID-19-la mübarizə üzrə işçi qruplarının yalnız 3,5%-nin bərabər sayda kişi və qadınlardan ibarət olduğunu aşkar edib. Pandemiya ilə bağlı qlobal xəbərlərdə fikir bildirən hər beş mütəxəssisdən yalnız biri qadın olub:

"Bu istisna nümunələri özü-özlüyündə həyəcan təbili çalmaq üçün əsas verir. Qadınların liderliyini və bərabər iştirakını inkişaf etdirmək üçün dünyaya yeni bir təkan tələb olunur. Təbii ki, bu kimi tədbirlərin hamı üçün faydalı olduğu məlumdur. COVID-19-a qarşı cavab tədbirləri qadın liderliyinin gücünü və effektivliyini nümayiş etdirib. Keçən il ərzində rəhbəri qadın olan ölkələrdə yoluxma nisbəti daha az olmuş və əksər hallarda həmin ölkələr pandemiyadan sağalma sahəsində daha üstün mövqe tutub. Qadın təşkilatları, xüsusilə icma səviyyəsində mühüm xidmətlərin təmin edilməsində və məlumatların çatdırılmasında əhəmiyyətli boşluqları aradan qaldırıb".

BMT baş katibi hesab edir ki, bir qayda olaraq qadınların rəhbərlik etdiyi hökumətlərin fəaliyyətində sosial müdafiəyə daha böyük investisiyaların yatırılmasının və yoxsulluğa qarşı daha çox addımların atıldığının şahidi oluruq. Qadınlar parlamentdə təmsil olunduqda, ölkələr iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı daha sərt siyasətlər qəbul edirlər. Qadınlar sülh danışıqlarında iştirak etdiyi hallarda əldə olunan razılaşmalar daha dayanıqlı olur:

"Bununla belə, qadınlar dünya səviyyəsində milli qanunverici orqanların yalnız dörddə birini, yerli hökumət üzvlərinin üçdə birini və kabinet üzvlərinin isə yalnız beşdə birini təşkil edir. Belə getsə, qanunvericilik orqanlarında gender bərabərliyi 2063-cü ildən əvvəl əldə olunmayacaq. Hökumət başçıları səviyyəsində bərabərliyə nail olmaq isə bir əsrdən çox vaxt apara bilər. Daha firavan gələcək sözügedən natarazlığın aradan qaldırılmasından asılıdır. Qadınlar, onların həyatlarına təsir edən qərarlar barədə səlahiyyətli tərəf kimi fikir bildirmək üçün bərabər hüquqa malikdir. Birləşmiş Millətlər Təşkilatının rəhbər vəzifələrində gender bərabərliyinə nail olmağımla fəxr edirəm. Pandemiyadan sonrakı bərpa prosesi yeni və bərabərlik bəxş edən yolu müəyyən etmək üçün gözəl bir fürsətdir. Dəstək və imtiyaz proqramları xüsusilə qadınlar və qızları hədəf almalıdır. Bunu üçün qayğı infrastrukturuna da daha böyük investisiyalar yatırılmalıdır. Rəsmi iqtisadiyyat qadınların ödənişsiz qayğı işləri ilə subsidiyalaşdırıldığına görə ayaqda qalmaqdadır".

BMT baş katibi sinda qeyd edib:

"Böhrandan çıxış mərhələsi inklüziv, yaşıl və dayanıqlı gələcəyə doğru bir yoldan keçməlidir. Dünya liderlərini altı əsas təməl prinsipləri təmin etməyə çağırıram:
Birincisi, xüsusi tədbirlər və kvotalar vasitəsi şirkətlərin idarə heyətlərindən başlayaraq parlamentlərə, ali təhsildən dövlət qurumlarına qədər bütün təsisatlarda bərabər təmsilçiliyi təmin edin.

İkincisi, qayğı iqtisadiyyatı və sosial müdafiəyə əhəmiyyətli dərəcədə sərmayə edin və evdə görülən işlərin görünməsini və hesaba alınmasını təmin etmək üçün Ümumi Daxili Məhsulun tərifini yenidən təyin edin.

Üçüncüsü, əmək bazarına çıxış, mülkiyyət hüquqları və hədəfli kredit və investisiyalar daxil olmaqla, qadınların iqtisadi münasibətlərdə tam iştirakını təmin etmək üçün maneələri aradan qaldırın.

Dördüncüsü, əmək və torpaq hüquqlarından tutmuş şəxsi status və zorakılığa qarşı müdafiəyə qədər olan bütün sahələrdə ayrı-seçkilik mahiyyətli qayda və qanunları ləğv edin.

Beşincisi, hər bir ölkə qadın və qızlara qarşı zorakılığa qarşı təcili fəaliyyət planı hazırlamalı və bu bəlaya son qoymaq üçün maliyyə yönəltməli, siyasət qəbul etməli və siyasi iradə nümayiş etdirməlidir.

Altıncısı, düşüncə tərzini dəyişmək, məlumatlılığı artırmaq və sistemdəki qərəzli münasibəti aradan qaldırmaq.
Hazırda bəşəriyyətimizin yüz illərlə kök salmış və sistemli ayrıseçkiliyi geridə qoymaq imkanı var. Bərabər hüquqlu gələcək qurmağın zamanıdır".

Mehman
Xəbəri paylaş