Newscenter.az.6.03.2021. "Yeni Azərbaycan Partiyasının VII qurultayı çox mühim siyasi hadisədir və proses ölkədə islahatların əhəmiyyəli həlqəsini təşkil edir. Çünki, YAP iqtidar partiyası olmaqla bərabər, həm də ölkənin ən iri siyasi təşkilatı kimi, demək olar ki, bütün sferalarda aparıcı gücdür".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. O, qeyd edib ki, bu gün heç şübhəsiz ki, milli həmrəylik, daxili stabillik, siyasi dialoq, qarşılıqlı etimad mühiti kimi vacib meyarlarda həlledici rol təbii olaraq məhz 800 minə yaxın üzvü olan YAP-a məxsusdur:
"Əlbəttə, partiya bu vaxta qədər qənaətbəxş fəaliyyət göstərib, hökumətdə, parlamentdə, ümumilikdə əksər sahələrdə YAP-çılar həmişə xalqa xidmətin ön sırasında addımlayıb. Lakin, təəssüf ki, cəmiyyətin bəzi sferalarında olduğu kimi, burada da - istər bölgələr, istərsə də mərkəzdə müasir tələblərə cavab verməyən, geri təfəkkürlü bəzi adamların mövcudluğu zaman-zaman ümumi işin gedişatına və partiyanın cənab İlham Əliyevin sürəti ilə ayaqlaşmasına mane olub. Bu mənada YAP-da islahatlar, yeniləşmə, çatışmazlıqların aradan qaldırılmasına yönəlmiş tədbirlər ölkənin ictimai, siyasi və sosial həyatına birmənalı olaraq təsir edəcək".
Millət vəkili bildirib ki, Heydər Əliyev işığına toplaşmış insanlar tərəfindən qurulmuş bu partiyanın yarandığı gündən həmişə ölkədə ciddi siyasi çəkisi olub:
"Yeni reallıqların zərurəti əsasında növbədənkənar keçirilmiş VII qurultayla isə təşkilatın nüfuzu daha da möhkəmlənəcək. Ən azı, Vətən Müharibəsinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin Sədr, ölkə daxilində vətəndaşın ikinci ümid yeri olan Mehriban xanım Əliyevanın isə Partiya Sədrinin birinci müavini kimi fəaliyyəti bunu deməyə əsas verir".
Mehman