Newscenter.az.7.03.2021. İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında səsləndirilən fikirlər Azərbaycanın dünya siyasətində etibarlı tərəfdaş kimi tanındığını, ölkəmizin regional güc mərkəzi olaraq müasir beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmləndiyini təsdiqləyir.
Ümumiyyətlə, 44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdığı reallıqlar təkcə respublikamız deyil, bütövlükdə region dövlətləri və aparıcı güc mərkəzləri üçün mühüm dividendlər vəd edir. Çünki bu gerçəkliklər fonunda yeni unikal əməkdaşlıq imkanları yaranıb, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması rifah və inkişaf vəd edir.
Bəhs olunan Zirvə toplantısında səsləndirilən fikirlər həm də onu deməyə əsas verir ki, Azərbaycanın gələcəyə aydın strateji baxışları var, ölkəmiz sülh və əməkdaşlıq tərəfdarıdır. Prezident İlham Əliyev toplantıda bu məqamlara toxunaraq “Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq”, -deyə bildirdi. Əlbəttə, Avrasiyanın yeni nəqliyyat-kommunikasiya xəritəsini yaradan, regionda yeni əməkdaşlıq və təhlükəsizlik mühiti formalaşdıran Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə bölgədə yaranacaq çoxşaxəli tərəfdaşlıq platforması strateji əhəmiyyətə malikdir. Bütövlükdə, hesab edirəm ki, indi Azərbaycan və region üçün yeni dövr başlanır. Bu mərhələ ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında yüksəlişi ilə müşayiət olunacaq.
Nurlan Qələndərli-politoloq