Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın Vaşinqtondan dəstək istəməsi Kremlin xoşuna gəlməyəcək



Newscenter.az.7.03.2021. Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Xəbərlərdə Paşinyanın Blinkenə zəng etdiyi bildirlib, yəni danışıq təşəbbüsü İrəvandan gəlib. Demək işin içində ABŞ-ın Ermənistandakı səfirliyi var. Paşinyanın öz təşəbbüsü ilə dövlət katibinə zəng etməsi üçün ABŞ-ın Ermənistandakı səfiri ilə məsləhətləşmələri olub. Bugünlərdə Paşiyanın ABŞ səfiri ilə görüşü barədə məlumat yayılmadığına görə, böyük ehtimalla məsləhətləşmələr Ermənistanın baş nazirinin müşaviri səviyyəsində həyata keçirilib. Kobud desək, xahiş belə olub ki, “dövlət katibi baş nazirimizlə telefonla danışmağa hazırdırmı?” Vaşinqtondan razılıq gələndən sonra telefon danışığı baş tutub.
Birincisi, Nikol Paşinyan Entoni Blinkeni dövlət katibi vəsifəsinə təyin olunması münasibətilə təbrik edib. Paşinyan bundan sonra keçib əsas mətləbə, daha doğrusu yalvarışa. Paşinyan hər zaman olduğu kimi danışdığı tərəflə “əsirlərə” görə Azərbaycandan şikayət edib, Vaşinqtondan dəstək istəyib. Böyük ehtimalla Blinken bu məsələyə reaksiya verməyib, əks halda erməni saytları yazardılar ki, “dövlət katibi əsirlərin qısa zamanda təhvil verilməsini istəyib”.

İkincisi, Nikol Paşinyan növbəti yaltaq cümlə işlədərək ABŞ-ın ATƏT-in Minsk Qrupundakı rolunu yüksək qiymətləndirib. Halbuki, vasitəçilərin turist səfərlərini nəzərə almasaq ABŞ-ın Minsk Qrupunda elə bir fəallığı yoxdur. Buna baxmayaraq, Entoni Blinken Ermənistan-Azərbaycan münaqişəsinin həllində rolunu davam etdirməyə hazır olduğunu bildirib. Blinken bununla demək istəyib ki, Vaşinqton Rusiyanın Dağlıq Qarabağ məsələsində təkbaşına fəallığından narahatdır və Amerika da oyundadır.

Üçüncüsü, Entoni Blinken ABŞ-ın demokratiya sahəsində Ermənistana islahatlar aparmaqda və korrupsiya ilə mübarizədə kömək edəcəyini deyib. Bununla Blinken faktiki demək istəyib ki, Ermənistanda çevrilişə qarşıdırlar, qanuni hökuməti dəstəkləyirlər və korrupsiyaya bulaşmış, o cümlədən Rusiyaya bağlı qüvvələrin hakimiyyətə gəlişinin əleyhinədirlər. Dövlət Departamentinin Ermənistana 150 min dollar ayrımasını açıqlaması da bundan xəbər verir. Əlbəttə, Amerika üçün 150 min dolar gülməli rəqəmdir. Ancaq Vaşinqton elə bu məbləğlə demək istəyir ki, Paşinyanı dəstəkləyirlər.
Nikol Paşinyanın Blinkenə zəngi və Vaşinqtondan dəstək istəməsi Kremlin xoşuna gəlməyəcək. Bunu Paşinyan da anlayır. Ancaq Nikol Paşinyan hakimiyyətini xilas etmək üçün saman çöpündən yapışmağa da hazırdır, sadəcə Vaşinqtonun Cənubi Qafqazda rolu və mövqeyi xeyli azalıb. Balansı qorumaq naminə Vaşinqtondan Bakıya da zəng ediləcəyi ehtimalı yüksəkdir.

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri
Xəbəri paylaş