Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyal Bəşirov yazır: "Feminizmin özü, bərabərsizlik və ayrı-seçkilik olmaq hüququ dövlət dəyərlərinə tam ziddir"



Newscenter.az.9.03.2021. FEMİNİZM - cinslər arasında bərabərliyi təşviq edən sosial-fəlsəfi cərəyan və ictimai-siyasi hərəkatdır. Feministlər iddia edir ki, cəmiyyətdə qadınlar da, kişilərlə bərabər hüquqlara və imkanlara malik olmalı, onlara eyni münasibət və hörmət sərgilənməlidir. İlk baxışdan maraqlı və cəzbedici bir anlayış təəssüratı yaradır. Ancaq...

Ancağı ondan ibarətdir ki, hüquqi dövlətdə feministlərin və yaxud da cəmiyyətin digər təbəqələrinin hüquqlarının müdafiəsi adı ilə çıxış edənlər artıq cəmiyyəti ayrırlar. Çünki, istənilən hüquqi dövlətdə, eyni ilə də bizdə konstitusiyon tələb hamının bərabərliyini diktə edir. Yəni, bütün faktorlardan, o cümlədən də cinsiyyət amilindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Belə bir şəraitdə ayrıca olaraq qadınların hüquqları uğrunda mübarizə imitasiyasına cəhd, cəmiyyətdə xaos yaradaraq ondan yararlanmaqdan başqa bir şey deyil.

Konkret Azərbaycan cəmiyyətinə gəldikdə isə, əslində feminizm ideyalarının təlqin etməyə çalışdığı bütün arzular bizdə artıq çoxdan reallaşıb. Hansı qadın təhsildən kənarda qalmağa, seçki hüququndan məhrum edilməyə, məhz qadın olduğuna görə vəzifələrə təyinat zamanı diskriminal münasibətə məruz qalıb?! Hansısa ucqar bir rayonda və konservativ ailədə mövcud olan yazılmamış qanunları dövlətin adına yazmaq ən az, elə qadınlığa xəyanətdir!
Əksinə, Gender bərabərliyi haqqında qanunun da mövcud olduğu ölkəmizdə yazılan və yazılmayan qanunlarda qadına daim üstünlük verilib. İstənilən cinayəti törətməsinə baxmayaraq qadına ən ağır cəza olan ömürlük azadlıqdan məhrum etmə cəzası tətbiq olunmur. Qadınlar müddətli həqiqi hərbi xidmətə və ya ağır şəraitli işlərə cəlb olunmur. Əmək münasibətlərində qadınlara verilən güzəşt və imtiyazlar hətta bəzi hallarda ayrı-seçkilik kimi qəbul edilir. Elə feministləin özləri tərəfindən qəbul edilməyən mental dəyərlərimiz belə qadınlarımıza bir çox yazılmamış üstünlüklər tanımaqdadır.

İndi isə, hər il 364 gün fəaliyyətsiz olub, məhz 8 mart tarixində elə zərif cinsə aid olmaqlarından istifadə edərək oyanış hərəkatı elan edənlərə bəzi suallar ünvanlamaq istərdim. 9 mart tarixindən başlayaraq, növbəti ilin 7 marta tarixinə qədər feminizm ideyalarınızla bağlı hansı işləri görürsünüz? 44 günlük müharibə zamanı və ondan sonra sizin çürük ideyalarınızdan dəfələrlə önəmli dəyərlər uğrunda şəhid olan igidlərimizin anaları, bacıları və qızları ilə görüşmüsünüzmü? Sizinlə eyni cinsdən olsa da, tam fərqli düşüncəyə sahib olan, bəlkə də, adını belə bilmədiyiniz yeganə şəhid qadınımız olan Arəstə xanım Baxışovanın övladlarına baş çəkmisinizmi?

Cavabınızı bilməsəm də, təxmin edirəm. Var olan məfhumların yoxluğunu iddia edib onların uğrunda mübarizə görüntüsü yaratmaq dövlətinə, xalqına və sizin nümunənizdə isə hətta statusunu daşıdığınız qadınlığa belə xəyanətdir. Bizim cəmiyyətimizdə, xüsusilə də işinizə gələndə istifadə, gəlməyəndə isə tənqid etdyiniz mental dəyərlərimiz baxımından istənilən növ xəyanət qəbul edilməzdir. Xüsusilə də, qadınlara müasibətdə. Təbii ki, xəyanəti də qadına bir hüquq tanıyan sizin feminist ideyalarınıza zidd olaraq!

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş