Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerika Azərbaycan dəmir yolları ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır



Newscenter.az.10.03.2021. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini Maykl Dikerson ilə görüş keçirilib.

Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qonağa dəmir yollarında həyata keçirilən infrastruktur layihələri, islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışıb. Cəmiyyətin sədri bildirib ki, Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi mühüm layihələrdə fəal iştirakı Azərbaycanı Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi tanıdır. Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya yüklərin çatdırılma müddətini azaltmaq məqsədi daşıyan Şimal-Cənub dəhlizi Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadəni zəruriləşdirir.

Transxəzər Beynəlxalq nəqliyyat marşrutunun fəaliyyətinə də diqqət çəkən Cavid Qurbanov qeyd edib ki, marşrut boyunca vaqonla daşınan 10-dan çox yük növünə 28 marşrut üzrə güzəştli tariflər, həmçinin konteyner və vaqon daşımalarında vahid qiymət və texnologiya tətbiq olunur.
Bildirilib ki, hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından maksimal dərəcədə istifadə etmək üçün işlər aparılır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa marşrut hesab edilir. 2021-ci ildən ilk dəfə olaraq BTQ vasitəsi ilə ixrac yüklərin nəqlinə start verilib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini Maykl Dikerson isə Azərbaycanda dəmir yolu infrastrukturunun yaxşılaşdırılması, beynəlxalq yükdaşıma istiqamətində mövcud dəhlizlər barədə verilən ətraflı məlumata görə təşəkkürünü bildirib. Pandemiya şəraitinə baxmayaraq, hazırda Azərbaycan dəmir yolları ilə əməkdaşlıq edən Amerika şirkətlərinin mövcud əlaqələrin daha da möhkəmlənməsi və bu sahəyə yeni şirkətlərin cəlb edilməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın digər perspektivləri ətrafında da müzakirələr aparılıb.

Sevinc
Xəbəri paylaş