Newscenter.az.10.03.2021. Bu gün qanunu pozan bələdiyyələr məsələsi də, bir sıra bələdiyyələrin mülkiyyətinə indiyə qədər nə əmlak, nə də torpaq verilməməsi də, bələdiyyələrlə icra hakimiyyətlərinin bir-birini təkrarlaması da, bir çox hallarda isə bələdiyyələrin sadəcə və sadəcə rayon icra hakimiyyətlərinin filialı kimi fəaliyyət göstərməsi də olduqca aktual məsələlərdir. Bu məsələlərin hər birinə zamanın çağırışlarına və tələblərinə uyğun şəkildə yenidən baxılması, bu sferada islahatlar aparılması və bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi zəruri və qaçılmazdır.
Hazırda ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar heç şübhəsiz ki, bələdiyyələr sferasını da əhatə etməlidir.
İlk növbədə rayon icra hakimiyyətləri ilə bələdiyyələrin münasibətlərinə aydınlıq gətirmək və bununla əlaqədar mövcud qanunvericilikdəki boşluğu aradan qaldırmaq lazımdır. Elə etməliyik ki, ki, bələdiyyələr icra başçılarının monopoliyasından, dərəbəyliyindən, diktəsindən həmişəlik qurtulsun. Ümumiyyətlə, icra başçıları institutu tamamilə ləğv edilməli, onların səlahiyyətlərinin əksəriyyəti məhz böyük şəhər bələdiyyələrinə və yerli bələdiyyələrə verilməlidir.
Hesab edirəm ki, biz bu sahədə qardaş ölkəmiz Türkiyənin təcrübəsindən yararlana bilərik. Bələdiyyələri formal mövcudluq durumundan xilas etmək lazımdır. İnkişaf etmiş bələdiyyə sisteminin formalaşması əsas hədəflərimizdən biri olmalıdır. Çünki oturuşmuş bələdiyyə sisteminin və güclü bələdiyyə ənənələrinin mövcudluğu ölkəmizin dünyadakı demokratik imicinin formalaşması baxımından da böyük əhəmiyyət kəsb edir.
Paytaxtımızda və bir sıra digər iri şəhərlərimizdə böyük şəhər bələdiyyələrinin yaradılması da çox vacibdir. Bəzi ekspertlərimizdən fərqli olaraq hesab edirəm ki, Bakı və Gəncədən başqa Sumqayıt və Naxçıvanda da böyük şəhər bələdiyyələri yaradıla bilər. Şəhər merlərinin və ya bələdiyyə başçılarının real seçkilər nəticəsində seçilməsi iri şəhərlərimiz arasında yaxşı mənada böyük bir rəqabətə səbəb olacaq və inkişaf üçün yeni imkanlar yaradacaq. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada da bələdiyyə institutunun əsaslarının yaradılması istiqamətində bəri başdan düşünmək lazımdır. Bir sözlə, bütün ölkə miqyasında bələdiyyələrin inkişafı prosesinə start verməyin zamanı gəlib çatıb. Bu sahədə ciddi islahatlar aparmaqla bələdiyyələrə "ikinci nəfəs" verilməsinə ehtiyac var. Bələdiyyə institutunun dirçəlməsi və inkişaf etməsində siyasi partiyalar da öz töhfəsini verə bilər.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri.