Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dünyanın dadı” müsabiqəsinin vaxtı uzadıldı



Newscenter.az.12.03.2021. Facebook sosial şəbəkəsinin ən dadlı kulinariya qruplarının biri olan “Азербайджанская Кухня и не только” qrupunda 3 ay nəzərdə tutulan layihə - “Dünyanın dadı” daha 12 həftəlik uzadıldı. İştirakçıların böyük marağını və aktivliyini nəzərə alıb təşkilatçılar sözün əsl mənasında bütün dünyanı əhatə etmək üçün daha 12 bölgənin mətbəxlərini kəşf etmək qərarına gəldilər.

Xatırladaq ki, bu müsabiqə çərçivəsində iştirakçılar virtual olaraq ölkələri gəzib həmin ölkələrin mətbəxlərinə aid yeməklər hazırlayırlar. Həftənin sonunda isə peşəkar aşpaz Mehman usta Hüseynöv bütün iştirakçıların işlərini qiymətləndirib qalibləri seçir və onlar müsabiqənin sponsorlarından dəyərli hədiyyələrlə mükafatlandırılırlar.

Newscenter.az xəbər verir ki, son 3 ay ərzində qrup iştirakçıları artıq 13 ölkəyə baş çəkiblər. Bu ölkələr arasında Türkiyə, İtaliya, Yaponiya, Gürcüstan, Macarıstan, Meksika, Azərbaycan, İspaniya, Çin, Hindistan, Ukrayna, Amerika, İsrail olub. Bu müddət ərzində qrupda 700-a yaxın resept paylaşılıb, müsabiqədə 250-dən çox həvəskar aşpaz iştirak edib. Bu həftə qrup iştirakçıları virtual olaraq Pakistandadırlar.

“Bu müsabiqə 3 aylıq planlaşdırırlmışdı, amma çoxsaylı xahişləri və dünyanı hələ tam olaraq “gəzmədiyimizi” nəzərə alaraq davam etməyi qərara aldıq və beləcə daha 12 bölgəyə virtual səyahət planlaşdırıldı. Xatırladım ki, müsabiqənin əsas məqsədi karantin zamanı qrup iştirakçılarına mənəvi dəstək olmaq, onları gündəlik qayğılardan uzaqlaşdırmaq, dünya mətbəxini kəşf etmək, ailə menumuzu genişləndirmək, daha maraqlı və çeşidli etmək və ən əsası dünya mətbəxini daha əlçatan etməkdir. Bişirməyi sevən hər kəsi bizim mehriban qrupumuza dəvət edirəm!” - deyə qrupun admini və müsabiqənin müəllifi Kübra Kərimli vurğulayıb.

Nəzərinizə çatdıraq ki, müsabiqənin Bakı əhalisi arasında keçiriləcəyi planlaşdırılsa da, dünyanın müxtəlif nöqtələrindən - Türkiyə, Macarıstan, Kanada, Rusiya, Ukrayna, Qazaxıstan, Amerika və başqa ölkələrdən, həmçinin Azərbaycanın digər şəhər və rayonlarından iştirakçılar var.

Xatırladaq ki, növbəti həftələrdə qrup üzvlərini Afrika, Koreya, Baltikyani ölkələr, Özbəkistan, Avstraliya, İran və s. ölkələrə virtual səyahətlər gözləyir.
Müsabiqəyə qoşulmaq üçün Facebookdakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır: https://www.facebook.com/groups/158809490864818/

Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılıb.

Müsabiqənin baş sponsoru “Soliton” Mağazalar Şəbəkəsi, sponsorları isə “Doymak” və “Qaymaq Premium Gida”dır.
Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 20000-dən çox üzvü var.

Sevinc
Xəbəri paylaş