Newscenter.az.12.03.2021. Ermənistanda baş nazir ilə prezident və ordu rəhbərliyi arasındakı siyasi intriqa gərginliyin artmasını şərtləndirib. Bu gün iqtidar cinahının hakimiyyət daxilindəki qarşıdurmadan qalib və üstün tərəf kimi çıxdığı, öz mövqeyini gücləndirdiyi söylənilsə də, hər hansı bir konkret nəticədən bəhs etmək olmaz. Ayrıca, müxalifətin siyasi pusquda dayanaraq növbəti həmlə fürsəti güdməsi də reallıqdır. Ona görə də məğlub ölkədə ictimai-siyasi gərginliyin azaldığını, yaxud qarşıdurmanın səngidiyini söyləmək mümkün deyil. Proseslərin önümüzdəki günlərdə də zaman-zaman artan və azalan dinamika ilə cərəyan edəcəyini proqnozlaşdırmaq olar.
“ÜÇÜNCÜ QÜVVƏ” KİMDİR VƏ SİTUASİYA HANSI TƏRƏFİN LEHİNƏDİR?
Ermənistanda baş nazir-ordu rəhbərliyi qarşıdurması müxalifət üçün “taymaut” götürməyə və resursları yenidən səfərbər edərək təşkilatlanmağa imkan yaradıb. Hətta hakimiyyət daxilindəki bəzi qüvvələrin də müxalifətlə işbirliyi üçün təmaslar yaratdığı qeyd edilir. Ermənistan mətbuatı Paşinyana qarşı təşkil edilmiş bu müqavimət qrupunu “üçüncü qüvvə” adlandırır. Amma məsələ ondadır ki, hazırkı situasiyada konfrontasiya tərəflərinin güc və təsir nisbəti iqtidarın lehinədır. Müxalifətin həlledici ictimai dəstək əldə qazanmağı bacarmaması, hakimiyyətdaxili müxalif qrupların koordinasiyalı hərəkət edə bilməməsi və digər bu cür amillər Paşinyana rəqiblərinin həmlə qüvvəsini zəiflətmə şansı verir.
İQTİDAR, YOXSA MÜXALİFLƏR?
Paşinyan həm hakimiyyət daxilindəki, həm də klassik müxalifətin manevr imkanlarını daraltmaq üçün repressiv metodlardan istifadə edərək siyasi pressinqi davam etdirəcək. Müxalif qüvvələrin isə iqtidara təzyiq aksiyalarının davam edəcəyini düşünürəm. Siyasi səhnəyə “üçüncü qüvvə”nin daxil olub-olmamasından asılı olmayaraq, proseslər bu cür cərəyan edəcək. Belə bir şəraitdə Ermənistanda xaos, böhran və gərginliyin davam edəcəyi qənaətindəyəm. Lakin etiraz aksiyaları və ehtimal olunan çevriliş cəhdlərinin hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyini proqnozlaşdırmaq olmaz.
Nurlan QƏLƏNDƏRLİ -politoloq