Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kubra Əliyarlı: "Tarixi qələbəmizdən sonra biz gənclərin önündə çox böyük məsuliyyət və vəzifələr dayanır"

Kubra Əliyarlı: "Tarixi qələbəmizdən sonra biz gənclərin önündə çox böyük məsuliyyət və vəzifələr dayanır"


Newscenter.az.12.03.2021. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev partiyanın VII qurultayında bir sıra həlli vacib olan məsələlərlə bağlı olduqca məzmunlu və konseptual əsaslarla çıxış etdi. Dövlət başçısının bu çıxışında dövlətimizin inkişafı və tərəqqisi, dünyadakı haqlı mövqeyinin təbliğ edilməsi istiqamətində işlərin bundan sonra uğurla və məqsədyönlü şəkildə davam etdirilməsi ilə bağlı mühüm islahatların həyata keçirilməsinin vacibliyi önə sürüldü. Eyni zamanda xalqımızın rifah halının daha da yaxşılaşdırılması, əhalimizin sosial vəziyyətinin bundan sonra da yüksəldilməsi, layiqli həyat şəraitinin təmin edilməsi üçün görüləcək işlərlə bağlı mühüm və əhəmiyyətli fikirlərini çatdırdı.

Xüsusi vurğulmaq lazımdır ki, dövlət başçısı bütün nitqlərində olduğu kimi Yeni Azərbaycan Partiyasının VII qurultayında etdiyi çıxışı zamanı da gənclərin hərtərəfli inkişafı, vətənpərvər və təhsilli gənclər olaraq yetişmələri, cəmiyyətimizdə fəal bir təbəqə olaraq iştirak etmələri üçün öz tövsiyyələrini qeyd etdi. Təbii ki, bu fikirlər bizlər üçün əsl tezis və gələcək fəaliyyətimiz üçün prioritetdir. Biz bundan öncə olduğu kimi bundan sonrakı fəaliyyətimizdə də dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin gənclərin ünvanına səsləndirdiyi fikirləri örnək almalı, bu fikirlərdən güc alaraq daha da əzmli və qətiyyətli mövqe nümayiş etdirməli, fəaliyyətimizdə milli, mənəvi maraqlarımızı daim hər şeydən üstün tutmalı, bu müqəddəs amal uğrunda var gücümüzlə çalışmalıyıq.

Azərbaycan gəncliyi tarixin bütün dövrlərində öz mübarizliyi və dəyanəti ilə seçilib. Gənclərimizin vətənpərvərliyi, dövlətinə və xalqına bağlılığı hər kəs üçün bir örnək və nümunə olub. Xüsusilə dövlət başçısının qurultaydakı çıxışı zamanı söylədiyinə istinad edərək biz də o qənaətdəyik ki, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdı, tarixin ən parlaq salnamələrindən birinə çevrildi. Azərbaycanın haqlı mübarizəsinə qoşulan gəncliyimiz Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından, qanından keçərək ya ən ali zirvəyə şəhidlik zirvəsinə ucaldı, ya da qazi oldu. Məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərimizin qətiyyətli mübarizəsi sayəsində 30 ilə yaxın idi ki, işğal altında olan torpaqlarımız erməni işğalından azad edildi, Vətənimiz bütövləşdi, tamlaşdı.

Təbii ki, bu tarixi qələbəmizdən sonra biz gənclərin önündə çox böyük məsuliyyət və vəzifələr dayanır. Hər birimiz dövlətimizlə, xalqmızla, Ali Baş Komandanımızla birgə addımlayaraq tarixi Qarabağ torpağımızın çiçəkləndirilməsi, abadlaşdırılması işinə öz layiqli töhfəmizi verməliyik. Vətən müharibəsində olduğu kimi bu müqəddəs missiyanın həyata keçirilməsi prosesində də əzmkarlıqla çalışmalı, milli maraqlarımızın təntənəsinə can atmalıyıq. İnanırıq və əminik ki, Qarabağımız tez bir zamanda əvvəlki vəziyyətinə qayıdacaq və bütün məcburi köçkünlərimiz öz yurd-yuvalarına dönəcək.

Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günədək bütün taleyüklü məsələlərdə dövlətimizlə birgə addımlayıb, dövlət başçısının uzaqgörən siyasi kursunu əldə rəhbər tutaraq bu inkişafa öz töhfəsini verib. Bu gün partiya cənab İlham Əliyevin rəhbərliyi ilə özünün yeni inkişaf mərhələsinin başlanğıcını qoyub. Biz də Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı olaraq dövlət başçısı cənab İlham Əliyevin qarşımızda qoyduğu tapşırıqların icrası istiqamətində yorulmadan çalışacaq və dövlətimizin, Vətənimizin inkişafını bundan sonra da ən ali məqsədlərimizdən biri kimi qəbul edəcəyik. Rayon təşkilatı olaraq gənclərimizin savadlı, təhsilli, elmli, yüksək intellektual potensiala malik, ictimai-siyasi fəal, vətənpərvər gənclər olaraq yetişmələri üçün daim səylə çalışırıq. Onlarla birgə çoxsaylı layihələr və tədbirlər keçirir, təcrübələrimizi bölüşürük. Eyni zamanda məktəblilərimizə vətənpərvərlik ruhunun aşılanması üçün çoxsaylı layihələr həyata keçiririk, onların fikir və təklifləri, birgə müzakirələrimiz əsasında müvafiq Fəaliyyət Planı təsdiq edilərək uğurla icra olunur.

Xüsusilə qeyd etmək istərdim ki, ölkəmizin dünya arenasındakı nüfuzunun daha da artırılması, istər Qarabağ, istərsə də digər beynəlxalq məsələlərlə bağlı dövlətimizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün hər an çalışmalı, Vətən müharibəsindəki qələbəmizdən sonra bu istiqamətdə daha da operativ olmalıyıq. Çünki informasiya əsrində yaşayırıq və bu əsrdə dövlətlərin və xalqların informasiya müharibəsində qalib gəlməsi çox əhəmiyyətli və vacibdir. Nəzərə alsaq ki, Azərbaycanın dünya ölkələrinin diqqətinə çatdırmalı olduğu bir çox məsələlər var, bu işdə bir an belə olsa dayanmaq olmaz. Gənclərimizi bu amal uğrunda da birləşməyə və ciddi mübarizə aparmağa çağırıram.

Kubra Əliyarlı
YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi,
YAP ərazi ilk partiya təşkilatının sədri,
Binəqədi Bələdiyyəsinin üzvü, Komissiya sədri
Xəbəri paylaş