Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda ilk dəfə mal-qaranın sığortası kalkulyatoru istifadəyə verilib



Newscenter.az.15.03.2021
. Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi çərçivəsində ölkədə ilk dəfə olaraq kəndə təsərrüfatı heyvanlarının sığorta kalkulyatoru istifadəyə verilib. Aqrar Sığorta Fondunun məlumatına görə, artıq mal-qara və heyvandarlıq təsərrüfatının sahibləri bu kalkulyatorun köməyi ilə öz heyvanlarının sığorta haqqını müstəqil şəkildə hesablaya biləcəklər.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, kalkulyatorun istifadəyə verilməsində məqsəd fermerləri aqrar sığorta tarifləri, o cümlədən heyvanların sığortası haqları barədə daha aktiv məlumatlandırmaqdır. Fermerlər və aqrar sahədə çalışanlar aqrar sığorta kalkulyatorundan istifadə etməklə sığortanın əhatə etdiyi heyvanların sığorta haqqını və sığorta məbləğini özləri müstəqil olaraq hesablaya biləcəklər.

Aqrar sığorta kalkulyatorundan istifadə üsulu sadədir. İstənilən şəxs kalkulyatora daxil olaraq ona məxsus olan kənd təsərrüfatı heyvanlarının növünü, sayını və qiymətini, eləcə də, istədiyi təminatı və sığorta müddətini daxil etməklə ödəyəcəyi sığorta haqqını asanlıqla hesablaya bilər.

Kalkulyatordan istifadə edərkən sığorta haqqının ümumi məbləği ilə yanaşı, dövlətin və fermerin ödəyəcəyi məbləğlər də ayrıca göstərilir. Bu da kənd təsərrüfatı sahəsində çalışanların sığorta tarifləri və haqları ilə daha asan şəkildə tanış olmasına, öz gəlirlərini və xərclərini planlaşdırmasına kömək edəcək.

Heyvanların sığortası kalkulyatoruna bu linkdən keçmək olar: (https://asf.gov.az/insurance-calculators/livestock-insurance)

Xatırladaq ki, ölkədə ilk dəfə tətbiq edilən dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi vasitəsilə hazırda 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür. Aqrar sığorta qaydalarına görə, hesablanmış aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir.

Qeyd edək ki, bundan əvvəl Azəraycanda ilk dəfə olaraq əkin sahələrinin aqrar sığortası üzrə kalkulyator da istifadəyə verilib. Bitkilərin sığorta kalkulyatoruna bu linkdən keçmək olar: (https://asf.gov.az/insurance-calculators/crop-insurance)

Hazırda Aqrar Sığorta Fondu 1 növ heyvan (südlük inək-camışlar), 14 növ bitkiləri (buğda, arpa, çəltik, qarğıdalı, kartof, üzüm, naringi, limon, portağal, fındıq, çay, pambıq, tütün, çuğundur) və balıqları sığorta edir. Bu bitkilər ölkədəki bütün əkin sahələrinin 85%-ni təşkil edir. Gələcəkdə sığortalanan bitki və heyvanların siyahısının daha da genişləndirilməsi, nəticədə aqrar sığortanın ölkədəki bütün əkin sahələrinin 95%-ni əhatə etməsi nəzərdə tutulur.

Orxan
Xəbəri paylaş