Newscenter.az.16.03.2021. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayonu, “Bərk-dərə” adlanan ərazidə quşçuluq sahəsi üzrə fəaliyyət göstərən müəssisədə quşların kütləvi tələfatı haqqında dərc olunan məlumatlara münasibət bildirib.
AQTA-dan bildirilib ki, həmin məlumatlar yeni deyil və bir müddət əvvəl Agentliyin mütəxəssisləri tərəfindən bununla bağlı müvafiq araşdırmalar aparılıb və zəruri tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, ümumiyyətlə son iki ay ərzində media vasitəsi ilə əhaliyə ünvanlanmış müraciətlər nəticəsində AQTA-nın “1003–Çağrı Mərkəzi”nə ölkəmizin bəzi ərazilərində, o cümlədən parklarda quşların kütləvi tələfatı ilə bağlı bir sıra məlumatlar daxil olub və daxil olan hər bir məlumat araşdırılaraq müvafiq tədbirlər görülüb:
"Bir müddət əvvəl media səhifələrində dərc olunan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “Gülüstan parkı” adlanan ərazidə qarğaların kütləvi tələfatı ilə bağlı məlumatların araşdırılması nəticəsində quşların kütləvi tələfatının səbəbinin havaların kəskin soyuması ilə bağlı fizioloji ölüm və qarışıq infeksiya olduğu müəyyənləşdirilib.
Eyni zamanda Abşeron rayonu, “Bərk-dərə” adlanan ərazidə quşçuluq sahəsi üzrə fəaliyyət göstərən müəssisədə quşların kütləvi tələfatı ilə bağlı AQTA əməkdaşları fevralın 21-də müəssisəyə baxış keçirilib. Tələf olan quşlardan nümunələr götürülərək müayinə olunması üçün AQTİ-nin müvafiq laboratoriyasına təqdim olunub. Laborator müayinənin nəticələrinə əsasən, quşlarda qarışıq infeksiyon xəstəlik törədiciləri aşkarlanıb. Təlimata uyğun olaraq, tələf olmuş quşlar mütəxəssislərin iştirakı ilə biotəhlükəsizlik qaydalarına uyğun məhv edilib. Müəssisə AQTA-nın baytar müfəttişləri tərəfindən nəzarətə götürülüb və hazırda müvafiq qurumlarla birgə təsərrüfatda sağlamlaşdırıcı tədbirlər davam etdirilir. AQTA bir daha vətəndaşlara diqqətli olmağı, xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağı, şübhəli hallarla bağlı dərhal Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat verməyi tövsiyə edir".