Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT: Davamlı İnkişaf Məqsədləri Şimali və Mərkəzi Asiyanın daha səmərəli bərpasında həlledici rol oynaya bilər



Newscenter.az.16.03.2021. BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) bu gün dərc etdiyi hesabatında qeyd olunur ki, 2030-cu ilədək iddialı məqsədlərə çatmaq üçün Asiya-Sakit Okean bölgəsi bütün istiqamətlərdə inkişafını sürətləndirməli və bir çox Dayanıqlı İnkişaf Məqsədləri (DIM) üzrə tənəzzül meyllərini təcili aradan qaldırmalıdır.

Newscenter.az BMT-nin Bakı ofisinə istinadən xəbər verir ki, Asiya və Sakit Okean bölgəsində DİM-lər üzrə Tərəqqi Hesabatının 2021-ci il nəşri bölgənin hətta qlobal pandemiyadan əvvəl belə dayanıqlı inkişaf üzrə 2020-ci il hədəflərindən geri qaldığını göstərir. Son on ildə Asiya və Sakit Okean bölgəsi səhiyyə xidmətləri və rifah sahəsində nəzərəçarpan irəliləyiş əldə edib (Məqsəd 3). Sözügedən nailiyyətlər COVID-19 pandemiyasının əhalinin sağlamlığına təsirini azaltmaqda nisbi müvəffəqiyyətin əsaslarını izah edə bilər. Bununla belə, bu çətin əldə olunan qazanclara baxmayaraq, bölgə tələb olunan səhiyyə işçi qüvvəsi ilə təmin olunmaqda, erkən ölümlərin sayını azaltmaqda və mental sağlamlığı yaxşılaşdırmaqda bir sıra ciddi problemlə üzləşir.

Bir neçə məqsəd üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Şimali və Orta Asiya ölkələri mənfi tendensiyaları aradan qaldırmaq üçün səylərini artırmalıdırlar. Region ölkələrində orta və ağır qida təhlükəsizliyinin yayılması ümumi əhalinin təxminən 17%-ni əhatə edir və son illərdə artıb. Şimali və Orta Asiya bölgəsi həmçinin təhsil sahəsində bərabərsizlik göstəricilərini, işçi qüvvəsinin tərkibində gender bərabərliyini və əmək hüquqlarına uyğunluqla bağlı mövcud tendensiyalarını dəyişdirməlidir.

Hesabatda həyəcan təbili çalmaq üçün əsas verən sahələr iqlim dəyişikliyinə qarşı tədbirlər (Məqsəd 13) və dəniz ektosistemi (Məqsəd 14) ilə əlaqədar geriləmələrdir. Asiya-Sakit okean bölgəsi qlobal istixana qazı tullantılarının yarısından çoxunun mənbəyi və təbii fəlakətlərin insanlara və iqtisadiyyatlara mənfi təsirlərinin ildən-ilə artmasının səbəbidir. Pandemiyadan çıxış yolunu tapdığımız dövrdə, hesabat səylərimizi daha ədalətli və yaşıl artıma yönəltməyi təklif edir.

Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini və ESCAP-ın İcraçı Katibi xanım Armida Salsia Aliscahbana qeyd edir ki, "Bərpa tədbirləri inklüziv, daha dayanıqlı və planetimizin potensialına şüurlu yanaşmanı ehtiva edən inkişaf yollarımız üçün seçimlərimizi yenidən nəzərdən keçirmək üçün gözəl fürsətdir. 2030-cu ilədək Dayanıqlı İnkişaf gündəliyinə nail olmaq istiqamətində Fəaliyyət Onilliyinə daxil olduğumuz zaman, DİM-lərə münasibətdə kollektiv öhdəliyimizi gücləndirməli və birlikdə, daha təkmil və yaşıl inkişaf naminə təkamülü təmin etməliyik."

Hesabatda qeyd olunur ki, hərəkət məhdudiyyətləri və sosial məsafənin qorunmasına dair tədbirlər xüsusilə həssas qruplara aid məlumatların toplanmasına mənfi təsir edib. Daha səmərəli bərpanı təmin etmək üçün ölkələr DİM-lərin monitorinq çərçivəsi üzrə götürdükləri öhdəlikləri bir daha təsdiq etməlidirlər. Belə olan halda, bərpa işləri 2030 Gündəliyində təsbit olunan qlobal transformasiyanı sürətləndirə biləcək.

DİM-ləri milli səviyyədə izləyən və nəzərdən keçirən ölkələri dəstəkləmək məqsədilə ESCAP, hesabatda qeyd olunan tərəqqinin qiymətləndirməsini tətbiq etmək istəyən ölkələr üçün “Milli DİM İzləyicisi” aləti hazırlayıb. Üzv dövlətlər 2030 Gündəliyindəki iddialı məqsədlərə doğru irəliləyişlərə dair operativ məlumatları hazırlamaq üçün bu alətdən istifadə edə bilərlər. Asiya-Sakit Okean bölgəsində DİM-lər üzrə Tərəqqi Hesabatının ingilis dilindəki tam mətnini aşağıdakı mənbədən əldə edə bilərsiniz:

Sevinc
Xəbəri paylaş