Newscenter.az.16.03.2021. "Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir- Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır".
Bunu martın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli və Xocavənd rayonlarında olan zaman deyib.
"Yenə də azad edilmiş torpaqlarda olarkən, bu dağıntıları görərkən bir daha görürük ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmişdir, bizim tarixi irsimizi silmək istəmişdir. Amma buna nail ola bilmədi. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq.
Bu gün azad edilmiş torpaqlara gələrkən Qaraxanbəyli kəndindən keçdik. Qaraxanbəyli kəndi müharibənin ilk günündə - sentyabrın 27-də azad edildi. Bax, biz məhz buradan, o istiqamətdən öz şərəfli missiyamızı icra etməyə başladıq və düşməni torpaqlarımızdan qovduq. İndi isə quruculuq işləri ilə məşğuluq. İndi isə həyatımızın yeni dövrü başlayır – quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü", - dövlət başçısı bildirib.