Newscenter.az.18.03.2021. Qarabağda bərpa işləri plan üzrə davam edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə intensiv səfərləri bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev 30 ildən sonra Hadrutda Azərbaycan bayrağını ucaltdı. Hadrut həm də Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatla müasir tariximizə düşdü. Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, Hadrut faktiki müharibənin taleyini həll edən əməliyyat idi. Çünki Şuşaya yol elə Hadrutdan keçirdi. Azərbaycan Ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəldi. Düşmən Laçın Dəhlizi və Qırmızı Bazar istiqamətindən təhlükə gözləyirdi. Azərbaycan hərbçilərinin Hadrutu terrorçulardan təmizləməsi ermənilər və havadarları üçün də gözlənilməz oldu. Bu səbəbdən Prezident İlham Əliyevin də söylədiyi kimi, erməni tərəfi və ermənipərəst media nümayəndələri qərəzli informasiyalar yayaraq, guya qəsəbənin hələ də ermənilərin nəzarətində olduğunu iddia edirdilər. Halbuki, bu dezinformasiyalar yayılanda artıq Azərbaycan əsgəri Şuşada idi. Həmin dövrdə müxtəlif ölkələrdən olan obyektiv hərbi ekspertlər Hadrutun strateji əhəmiyyətini şərh edir, bunu Azərbaycanın böyük hərbi uğuru kimi qiymətləndirirdilər. 44 gün ərzində istər döyüş meydanında, istərsə də, informasiya cəbhəsində obyektiv və haqqı müdafiə edən tərəf qalib gəldi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Füzuli və Xocavəndə səfəri zamanı azərbaycanlıların mənəvi kodeksi ilə bağlı söylədiyi fikirlər də Azərbaycanla Ermənistan arasında müqayisə aparmaq üçün çox vacib istiqamətdir. Çünki Azərbaycan əsgəri həm də mənəvi kodeksinə görə erməni əsgərindən üstündür. Bunu 44 günlük Vətən müharibəsi bir daha təsdiqlədi. Ermənilər Azərbaycana məxsus mədəni-tarixi-dini irsi vandalcasına dağıtdığı kimi, müharibə cinayətlərini də davam etdirdi: “30 il ərzində davam edən münaqişə zamanı Azərbaycan əsgəri bir dəfə də olsun mülkiəhalini hədəfə almadı. Lakin Azərbaycan Ordusundan fərqli olaraq Ermənistanda iqtidarda olan bütün hakimiyyətlər daim azərbaycanlı mülki əhalini hərbi hədəf kimi seçdilər. 1992-ci ildə Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə, 2020-ci ildə Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə mülki əhalimiz xüsusi amansızlıqla qətlə yetirildi. Vətən müharibəsi dövründə isə Azərbaycan mülki erməni əhalisinə münasibətdə humanist addımları ilə seçildi”.
Könül Nurullayeva qeyd edib ki, humanitar atəşkəsə razılıq verilməsi, humanitar dəhlizin təşkili, girovlara tibbi xidmət və onların mübadiləsində məsuliyyətli davranış azərbaycanlılara xas olan və heç vaxt dəyişməyən mənəvi kodeksin göstəricisidir. Bizim üstünlüyümüz həm də ondadır ki, 44 günlük Vətən müharibəsində yaratdığımız reallığı əməkdaşlıq platformasının formalaşmasına yönəldirik. Ermənistan da daxil olmaqla, bütün bölgə dövlətləri regionun inkişafında yaxından iştirak edə bilər. Yəni, Azərbaycanın böyük Qələbəsi bütövlükdə regionun xilasına və inkişafına hesablanmış bir reallıqdır.