Newscenter.az.18.03.2021. Xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində qonaqpərvərliyin əlaməti və müxtəlifliyin simvolu sayılan Novruz bayramının xüsusi yeri var. Xalqımızın fəlsəfəsinin əsasını, mədəniyyətini, milli və mənəvi dəyərlərini əks etdirən və dünyada tanıdan Novruz – həm də paylaşılan dəyərin bir hissəsi olduğumuzu açıq şəkildə göstərən qlobal bir dəyərdir.
Bu bayramın Azərbaycanın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruzun qədim köklərə sahib olduğunu və hər zaman millətimizin qəlbində yaşadığını vurğulayan Ulu Öndər Heydər Əliyev azərbaycanlıların Novruz bayramını hər zaman təntənəli şəkildə qeyd etməsi üçün daima bu bayrama xüsusi qayğı ilə yanaşar və xalqın yanında olardı. Bu gün Prezident İlham Əliyev bu ənənəni uğurla yaşadır və bu qədim bayramı öz xalqı və ölkəmizin qonaqları ilə birgə qeyd edir. Əcnəbi qonaqlar məhz Novruz bayramını çoxmədəniyyətli Azərbaycanda həmrəy olaraq qeyd etmək üçün ölkəmizə səfər edirlər.
Müstəqil dövlətlərin ümumi platforması hesab edilən Birləşmiş Millətlər Təşkilatının təqvimində xüsusi yeri olan Novruz sülhü, regional və beynəlxalq əməkdaşlığı möhkəmləndirir. Sülh xalqlar arasında ortaq dəyər, qarşılıqlı hörmət, əməkdaşlıq və mədəniyyətlərarası dialoq olduğu zaman mövcuddur.
Maddi və mənəvi irsin, abidələrin ən böyük mühafizəçisi, himayədarı olan YUNESKO Azərbaycana aid olan bir neçə dəyəri öz siyahısına daxil edib. Azərbaycan torpağı tarixən bəşəriyyət üçün maraqlı olub. İstər onun yerüstü, istərsə də mənəvi sərvətləri hər zaman dünyanın marağını özünə cəlb edib.
Bütün bunlar Prezident İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğı, həmçinin Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olmuşdur.
YUNESKO-nin müvafiq siyahısına salınmış Novruz da milli maraqlarımızı, azərbaycançılığımızı özündə yaşatmaqla yanaşı, həm də bəşəri məqsədlərə xidmət edən bir bayram olaraq dünyada Azərbaycanın eşidilən səsidir.
Novruzun mənşəyi qədim adətlərdən, təbiətə və məhsuldarlığa, həmçinin təbiətin tənəzzülünə və yüksəlişinə inamdan başlayır. Novruzdan əvvəlki ay ərzində hər çərşənbə axşamı təbiətin dörd ünsürünün qeyd olunmasına həsr olunur: su, od, torpaq və yel çərşənbələri adlanır və bahar nəhayət başlayır.
Odlar Yurdu Azərbaycan bununla bağlı zəngin ənənələrə malikdir. Od – təmizlənmə və aydınlaşma rəmzidir. Azərbaycanda cəmiyyətin təməli hesab olunan ailə dəyərləri Novruzda daha da güclənir və bayram ənənələrinə uyğun olaraq hər kəs odun ətrafına toplaşır. Bu mənada, “Yel Çərşənbəsi” ölkədə olan həmrəyliyə, birliyə, “Su Çərşənbəsi” insanların həyat eşqinə işarədir.
30 ildən artıq bir müddətdə torpaq həsrəti çəkən bir xalq üçün “Torpaq Çərşənbəsi” isə xüsusi məna daşıyır. 30 illik həsrət Ali Baş Komandan, Böyük Sərkərdənin rəhbərliyi və xalqın həmrəyliyi ilə sona çatmış, xalqımız Novruzu tezliklə doğma Qarabağımızda böyük coşqu və təntənə ilə tonqal ətrafında qeyd edəcəkdir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı