Newscenter.az.28.03.2021. COVİD-19 pandemiyasına qarşı mübarizə təkcə dövlətin iqtisadi gücündən asılı deyil, bu mübarizə həm də dövlətin bəşəri dəyərlərə hansı səviyyədə malik olmasından da asılıdır. Dünyanın aparıcı dövlətləri də, Beynəlxalq Səhiyyə Təşkilatı da Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizəni təqdir edib. Mübarizə ilə əlaqədar Azərbaycanda müxtəlif səviyyəli beynəlxalq tədbirlər də keçirilib. Keçən ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası da bu qəbildəndir. Sessiya təsdiqlədi ki, Azərbaycan nəinki ölkədə, eləcə də dünyada aparılan mübarizənin öncüllərindəndir. Bu sessiya həm də beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinin koordinasiyası baxımından dəyərlidir.
Azərbaycan vaksinlərin ədalətli bölgüsü, onun ölkəyə gətirilməsi məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan, ona dəstək verən ölkələrdən biridir. Bəs onda vaksinasiya ilə təmin etmədə yaranmış ədalətsizlik nə ilə izah edilməlidir?
Azərbaycan Prezideni öz çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı təkcə Azərbaycan üçün deyil, dünya üçün gərəkli olan fikirlər bildirib, bu istiqamətdə birgə səylərin önəmini qeyd edib. Prezident qeyd edib ki, bəzi dövlətlər öz tələbatlarından bir neçə dəfə çox vaksin alır və nəticədə inkişaf etməkdə olan dövlətlər vaksin çatışmazlığı problemi ilə üzləşəcək. Bu fikirlər dünyanı pandemiyadan xilas etməyə yönəlmiş bəşəri xatırlatmadır. Bu xatırlatmanın nəticəsidir ki, BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamə Qoşulmama Hərəkatı adından irəli sürülmüş və 2021-ci il 23 mart tarixində qəbul edilmişdir.
Uzun illər Azərbaycan həqiqətlərinə göz yumuldu, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə birtərəfli münasibət oldu. Bu səbəblərdən münaqişəni sülh yolu ilə həll etmək mümkün olmadı, münaqişənin həlli 28 il çəkdi. Beynəlxalq təşkilatların həll etməli olduğu, ancaq həll etmədiyi münaqişəni Azərbaycan Ordusu döyüşlə həll etdi. COVİD-19 pandemiyasına qarşı mübarizədə də buna oxşar münasibətlər görünməkdədir. Azərbaycanın bəşəri dəyərlərə malik olan minlərlə tarixi abidəsinin dağıdılmasına göz yuman beynəlxalq ictimaiyət COVAX-ın fəaliyyətini niyə ədalətlə qiymətləndirmir? Dünya ictimaiyyəti dünyəvi problemin həllində bəşəri dəyərlərin pozulmasına ciddi münasibət bildirməlidir ki, pandemiyanın aradan qaldırılması prosesi sürətlənsin, daha az insan bu bəlanın qurbanı olsun.
Digər bəşəri dövlətlərlə bir sırada Azərbaycan bu haqda ciddi düşünür, vətəndaşlarının qeydinə qalır. Bəs məramı bu bəladan qurtuluş olan COVAX?
Pandemiya ilə mübarizədə bütün mövcud resursları hərəkətə gətirən, mübarizənin aparılmasında daha səmərəli təşəbbüslər göstərən, 30 ölkəyə yardım edən Azərbaycan COVAX-a qoşulan ilk dövlətlərdən biri olsa da COVAX verdiyi vədi yerinə yetirmir. Belə ki. COVAX bildirmişdi ki, vaksinlər Azərbaycana əvvəlcədən razılaşdırılmış qaydada təhvil veriləcək. Xeyli vaxt keçsə də COVAX vədinə əməl etmir. Onun son bildirişi də anlaşılmazdır: vəd ediləndən daha az vaksin veriləcək. Maraqlıdır, heç vaksinlərin çatdırılacağı vaxt da bildirilmir.
Bütün maneələrə baxmayaraq Azərbaycanda insan amili bundan sonra da dövlət siyasətində ən mühüm prioritet olacaqdır. Azərbaycan bu bəşəri bəladan da xilas olacaqdır. Buna dövlətin iqtisadi gücü də, vətəndaşların dövlətçiliyə sevgisi də imkan verir.
Səbinə Xasayeva-Milli Məclisin deputatı