Newscenter.az.30.03.2021. İqlim stansiyaları bitkilərin inkişaf prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, buna uyğun olaraq sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən müasir innovativ sistemdir. Qeyd olunan sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayır və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən analiz olunur. Fermerlər bitki xəstəlik və zərərvericilərinə qarşı işlərini bu məlumatları nəzərə almaqla planlaşdırırlar. Nəticədə xəstəlik və zərərvericilərə qarşı mübarizənin effektivliyi artır, məhsul istehsalı çoxalır, fermerlər xərclərini optimallaşdıra bilirlər.
Bu sistem sayəsində son illərdə qlobal problemə çevrilmiş su çatışmazlığı riski də müəyyən qədər aradan qalxmış olur. Fermerlər bu metod sayəsində harada və nə qədər su istifadə etməli olduqlarını bilir və israfa yol vermirlər.
Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, artıq Azərbaycanda iqlim stansiyalarından alınan məlumatların fermerlərə ötürülməsi ilə əlaqədar ilk pilot layihə uğurla həyata keçirilir. Pilot layihə ilk dəfə Quba, Qusar, Xaçmaz və Şamaxı rayonlarında tətbiq olunub. Bu rayonlarda 60-a yaxın kəndi əhatə edən 5 stansiya fəaliyyətə başlayıb. İlkin mərhələdə hədəf bitkilər olaraq alma, gilas, nektarin, şaftalı və üzüm bitkiləri müəyyən olunub.
Mart ayında iqlim stansiyalarının əhatə dairəsində olan kəndlərdə alma, gilas, nektarin və şaftalı sahələri üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin bazasında qeydiyyatda olan 5800-dən atıq fermerə baş verə biləcək risklər barədə SMS bildirişlər göndərilib. Eyni zamanda, risk məlumatlarının daha ətraflı və çevik ötürülməsi məqsədilə “Rəqəmsal Kənd Təsərrüfatı” adlı Telegram kanalı (https://t.me/ktnsmart) yaradılıb və fermerlərin bu kanala cəlb edilməsi üçün mütəmadi işlər aparılır.
Orxan