Newscenter.az.30.03.2021. Dövlət Gömrük Komitəsinin Akademiyasının Vətən müharibəsində iştirak etmiş “Hüquqşünaslıq” ixtisası üzrə məzunu Qazaxov Elvin Sabir oğlu Akademiyanı fərqlənmə ilə başa vurub. Fərqlənmə diplomunu ona Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təqdim edib.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, Elvin Qazaxov 2019/2020-ci tədris ilində Gömrük Akademiyasından məzun olub, 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. O, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi naminə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Tərtər, Ağdərə və Kəlbəcər rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Qazaxov İkinci Qarabağ müharibəsi zamanı ağır artilleriya toplarında tuşlayıcı və top komandiri kimi düşmənin canlı qüvvəsinin və bir neçə döyüş texnikasının məhv edilməsində xüsusi fəallıq göstərib. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Hazırda hərbi xidmətini davam etdirir.
Qeyd edək ki, E.Qazaxov 11 avqust 1999-cu ildə Balakən rayonu, Meşəşambul kəndində anadan olub. M.Hudulov adına Meşəşambul kənd tam orta məktəbində təhsil alıb. Məktəb illərində “Xəmsə” milli-intelektual bilik yarışlarında dəfələrlə birincilik əldə edən Elvin hərbi yarışlarda iştirak edərək üç dəfə Balakən rayon birinciliyi, bir dəfə isə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ olmaqla, 6 rayon arasında birincilik qazanıb.
E.Qazaxov 2016/2017-ci tədris ilində Gömrük Akademiyasının “Hüquqşünaslıq” ixtisasına qəbul olub. Tələbəlik dövründə elmi, mədəni, ictimai, sosial fəaliyyəti ilə seçilib. Akademiya, ümumrespublika və beynəlxalq səviyyəli elmi, sosial və mədəni tədbirlərdə, müxtəlif təlim, seminar, konfrans və layihələrdə iştirak edib, könüllülük fəaliyyəti ilə məşğul olub. Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsində və Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsində könüllü gömrükçü olaraq fəaliyyət göstərib. O, həmçinin Akademiyanın Tələbə Elmi Cəmiyyətinin Elmi Şurasının üzvü olub. E.Qazaxov 2017-ci ildə Akademiyada təşkil olunmuş “Talant show” adlı tədbirdə fəal iştirak edərək mükafata layiq görülüb. 2019-cu ildə Akademiyanın dəstəyi ilə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş VI Beynəlxalq i-Customs “Beynəlxalq biznes, innovasiyalar və gömrük tənzimləmələri” gənclər konfransında məruzə ilə çıxış edib.
Akademiyanın təşkilatçılığı ilə “Beynəlxalq İnsan Hüquqları Günü”nə həsr edilmiş İnsan hüquqları olimpiadasında 3-cü yer tutaraq bürünc medala layiq görülüb. 2019-cu il iyun ayında Azərbaycanda təşkil edilmiş “WCO IT/TI Conference & Exhibition” beynəlxalq sərgi-konfransında fəaliyyətinə görə Dövlət Gömrük Komitəsi tərəfindən sertifikata layiq görülüb. Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyində Elmi və təşkilati səfərlər üzrə direktor, Avropa Tələbələr Forumunun Azərbaycan nümayəndəliyində Müqavilələr və akademik fəaliyyət üzrə məsul şəxs vəzifələrində çalışıb. “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində Akademiyanı təmsil edən komandanın üzvü olub və sertifikata layiq görülüb. “Model of OİC İnternational Relations Academy” adlı beynəlxalq yarışda kamanda kapitanı kimi sertifikatla təltif olunub. İki məqaləsi beynəlxalq jurnallarda çap olunub. Azərbaycan Gənclər Gününə həsr olunmuş respublika toplantısında, Azərbaycan tələbələrinin 2-ci qurultayında iştirak edib.
Mehman