Newscenter.az.30.03.2021. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İşçi qrupunun üzvü, həkim-infeksionist Nilufər Məmmədova Azərbaycanda COVID-19-la bağlı son vəziyyət, yoluxma sayındakı artımla bağlı Modern.az-ın suallarını cavablandırıb.
Medicina.az xəbər verir ki, həkim yaxın 2 həftənin daha kritik olacağını bildirib:
"Bir mütəxəssis olaraq düşünürəm ki, COVID-19-a yoluxma halları rəsmi açıqlanan rəqəmlərdən yüksəkdir. Rəqəmlərin yüksək olmasının səbəbi əhalinin bəzi hissəsisənin hələ də bu virusu qəbul etməməsidir. Belə ki, insanların çoxu özlərində hiss etdikləri sipmtomları soyuqdəymə, mövsümü xəstəliklərlə əlaqələndirdikləri üçün test vermir. Nəticə etibarilə hazırkı rəqəmlər reallığı əks etdirmir. İnsanların çoxu xəstəliyi evdə müalicə ilə sağaltmağa çalışır.
Həkim və xəstəxanalara müraciət boğulma, təngnəfəslik həddinə çatanda edilir. Kritik vəziyyətdə xəstəxanaya qəbul edilən xəstələrin həyatını xilas etmək də çox çətinləşir. Nəzərə alsaq ki, COVID-19-a yoluxduğunun fərqində olmayan, özündəki halı adi soyuqdəymə kimi qiymətləndirənlər işə gedir, ictimai nəqliyyatdan istifadə edir, digər insanlarla ünsiyyətdə olurlar, nəticədə xəstəlik daha çox yayılır. Hətta bəzi xəstələr koronavirus olduğuna əmin olsa da, test vermir ki, evdən çıxmaq qadağası yaşamasın. Çünki COVID-19 diqnozu təsdiqlənmiş xəstələrə evdən çıxmaq qadağan olunur.
-Daxil olan müraciətlərdən bəlli olur ki, qarşıdakı iki həftə ərzində yoluxma sürətlə artacaq. İctimai nəqliyyatdakı sıxlığın səbəblərindən biri də təhsil müəssisələrində tədrisin davam etməsidir.
Düşünürəm ki, artım davam edərsə və rəqəmlər yüksək həddə çatarsa, klinikaların ağır xəstələri qəbul etməsində problem yaranacaq. Yoluxma sayının artması ağır xəstələrin artımına səbəb olacaq. Ağır xəstələrin sayının artması reanimasiyada müalicə alan xəstələrin çoxalması anlamına gəlir. Reanimasiyalara tələbatın çoxalması reanimatoloqlar və tibb bacılarının sayına tələbin artması deməkdir. Müəyyən bir həddən sonra buna qarşılıq vermək səhiyyə üçün çətinləşir. Bu tək Azərbaycan deyil, bütün dünya üçün belədir. Və bu təhlükə qarşısında qalanda, çıxış yolu kontaktların, görüşlərin, toplanmaların bir şəkildə məhdudlaşdırılmasına qalır. O hansı yolla məhdudlaşdırılacaq, buna Nazirlər Kabineti yanında operativ qərargah qərar verəcək".