Newscenter.az.31.03.2021. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər.
Həmin dəhşətli soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Tarixi abidələri, məktəbləri, xəstəxanaları dağıdıb, xarabalığa çevriblər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan elindən-obasından didərgin düşüb. Ən dəhşətlisi isə odur ki, daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.
1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman, erməni millətçilərinin azərbaycanlılara qarşı iki əsr davam edən cinayətkar əməllərinə verilən hərtərəfli siyasi qiymət olub.
Ulu öndər erməni məkrini tarixi faktların dili ilə ifşa edib: “Xalqımıza qarşı törədilmiş soyqırım haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırım qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Biz, azərbaycanlılara qarşı zaman-zaman soyqırım aktları törətmiş ermənilərin faşizm ideologiyasını lənətləyir, dünya ölkələrini ermənilərin törətdiyi və bəşəriyyət üçün təhlükə olan cinayətlərə qiymət verməyə çağırırıq.
Soyqırım qurbanlarının hər birinə Allahdan rəhmət diləyirəm.
Jalə Əhmədova-Milli Məclisin deputatı