Newscenter.az.1.04.2021. Azərbaycan dünyanın az saylı dövlətlərindəndir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail olub. Qısa müddətdə 40 min çarpayı potensialı olan xəstəxanalar hazır vəziyyətə gətirilib, 13 modul tipli xəstəxana inşa edilib, gündə 20 min test keçirilə bilən 42 müasir laboratoriya fəaliyyətə başlayıb. Məhz, bütün bu səbəblərdəndir ki, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan lider ölkələr sırasındadır.
COVID-19 pandemiyası başlayandan bəri Azərbaycan həm də dünyanı cənginə alan xəstəliklə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. İndiyədək Azərbaycan bu istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış edib, dünya güclərini həmrəyliyə çağırıb. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının uğurla keçirilməsi, təşkilatın vaksinasiya ilə əlaqədar qətnamə qəbul etməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfələri hesab edilir. Bu mənada, Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb, qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirib.
Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan olub. Ölkəmiz 4 milyon doz vaksinin gətirilməsini öncədən təmin edib. Təsəvvür edin, bu gün dünyada onlarla dövlət var ki, hələ də vaksin ala bilməyib. Lakin Azərbaycan Avropa İttifaqından cəmi 1 ay sonra vaksinasiya işlərinə başlayıb. Azərbaycan COVAX təşəbbüsünün üzvü kimi vaksin istehsal edən bir neçə şirkətlə də müqavilə imzalayıb. Beləliklə də, ilkin mərhələdə Koreyadan “AztraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri də ayrılacaq. Ümumilikdə “AztraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.
Dünyanın bir çox ölkələri fəal şəkildə əhalini koronavirus infeksiyasına qarşı vaksin etməyə başlayıb və Azərbaycan da COVID-19 əleyhinə vaksinasiyanın tam sürətlə davam etdiyi ölkələr arasındadır. Milli peyvəndləmə strategiyasına uyğun olaraq, sifariş edilmiş 4 milyon doza “CoronaVac” peyvəndi vasitəsi ilə vaksinasiya başlanıb. Son statistik rəqəmlərə əsasən vaksinasiya prosesinin 3-cü mərhələsi həyata keçirilir və artıq 530 minə yaxın nəfər peyvənd olunub. Bu baxımdan, MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatları da təhlil etdikdən sonra regionda peyvənd vurulmasına ilk başlayan ölkələrdən biri olan Azərbaycanın həm peyvənd alışı həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqladığını görmək olar. Belə ki, açıq mənbələrdən alınan məlumatlarda zərbaycanda 518 867 nəfərin ilk doza ilə aşılandığı aydınlaşır. Bu da əhalinin 5,2%-ni təşkil edir. Rusiyada isə aşılananların sayı 6,3 milyon nəfərdir ki, bu da əhalinin 4,3%-ni təşkil edir. Bu göstərici Belarusda 2% təşkil edirsə, Moldova, Qazaxıstan və Ukraynada heç 1% səviyyəsinə çatmır. Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin cəmi 5 min nəfər aşılanıb. Ermənistanda isə peyvəndləmə yenicə başlama mərhələsindədir. Beləliklə də, aydınlaşır ki, Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Bununla bərabər hər 100 nəfərə düşən peyvənd olunmuş adam sayına görə də Azərbaycan liderlər sırasındadır, yalnız Rusiyadan geri qalırıq. Rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir.
Koronavirus dünyaya yeni mutasiyalar təqdim edir və bir sıra ölkələrdə yeni yoluxma dalğasının yaranmasına səbəb olur. Əlbəttə ki, bu da ölüm dərəcələrinin artması ilə müşayiət olunur və nəticədə sərt karantin tədbirlərinin tətbiqinə zəmin yaradır. Bu vəziyyətdə peyvəndləmə əhəmiyyətli rol oynayır. Vaksinasiyanın sürəti artırılarsa, ölüm və xəstəxanaya yerləşdirmə səviyyələrini, xüsusilə də risk qrupuna adi olan insanlar arasında, azaltmaq mümkün olacaq. Eyni zamanda, insanlar da peyvəndləmə prosesində aktiv iştirak etməli, cəmiyyətimizin sağlamlığı naminə kütləvi təşəbbüslərlə çıxış etməlidir.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı