Newscenter.az.3.04.2021. Paytaxtda polis ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirir.
Daxili İşlər Nazirliyindən Newscenter.az-a bildirilib ki, Bakı şəhərinin bütün rayonlarını əhatə edən tədbirlərdə hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması ilə bağlı fəal iş aparılır.
Aprelin 2-də polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışı elan olunan 26 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, küçə ticarəti ilə məşğul olduqlarına görə 118, 53 nəfər avara və dilənçilik həyat tərzi keçirən, eləcə də xırda xuliqanlıq, xırda talama, antisanitariya və digər sosial-neqativ hallar aşkar olunaraq qabaqlayıcı tədbirlər görülüb. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının pozulması üzrə 1 483 fakt qeydə alınıb ki, onlardan 12 nəfər müalicə təyin olunduğu ünvanı tərk edən aktiv infeksiya daşıyıcıları olub.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 3 223, o cümlədən kobud qayda pozuntusuna yol verən 169 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 116 nəqliyyat vasitəsi, avtomaşını sərxoş halda idarə edən 52 sürücü, 1 avtoxuliqan müəyyən olunub.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.
Mehman