Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Aprel zəfəri də, Vətən Müharibəsi də göstərdi ki, Qarabağda məhv edə bilməyəcəyimiz hərbi hədəf yoxdur”



Newscenter.az.3.04.2021. "Azərbaycan hələ 5 il əvvəl düşmənə öz yerini göstərmişdi. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu istənilən vaxtda Böyük Qələbəni qazanmağa qadirdir. Həqiqətən də 4 günlük döyüşlərdə hərbi sahədə qazanılan uğurlar, azad olunan strateji yüksəkliklər Azərbaycanın mövqelərini daha da gücləndirdi. Lələtəpədə ucalan Azərbaycan bayrağının qısa vaxtda Şuşada dalğalanacağına əminlik artdı. Eyni zamanda Cocuq Mərcanlı Böyük Qayıdışın başlanğıcı oldu. Azərbaycan xalqı əmin idi ki, böyük qayıdış qısa müddətdə baş tutacaq. Aprel zəfəri insanların əzmini, ümidini özünə qaytardı".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Deputat bildirib ki, 2016- cı ilin aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri baş verən ən şiddətli döyüşlər idi:

"Bu döyüşlər də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirildi. Qısa müddətdə qazanılan qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, eyni zamanda ordu quruculuğu siyasətinin nəticəsi idi. Dünyanın 50 ən güclü ordusundan biri regionda öz nüfuzunu daha da möhkəmləndirdi. Bu döyüşlər həm də Ermənistan Ordusu barədə illərdir formalaşan mifi də darmadağın etdi. Düşmənin 25 ilə qurub yaratdığı müdafiə səddi cəmi bir neçə saata yarıldı. Əks hücum əmri veriləndən qısa müddət sonra artıq strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi azad olunmuşdu. Döyüşlərdə iştirak edən hərbçilərimizin söylədiklərindən də aydın olur ki, erməni polkovnikləri öz yaralı əsgərlərini postlarda qoyub qaçırmışlar. Bu, həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığını qiymətləndirməyə imkan verir".

Könül Nurullayeva qeyd edib ki, Azərbayca əsgəri hər zaman döyüşə hazır olub:

"Çünki öz ərazilərimizi azad etmək üçün döyüşürdü. Qarşı tərəf isə özgə torpağında idi və burada müvəqqəti olduğunu, gec-tez bu ərazilərdən rədd ediləcəyini yaxşı dərk edirdi. Eyni zamanda Azərbaycan Ordusunun ilbəil artan hazırlıq səviyyəsi düşməni vahiməyə salırdı. Məhz aprel döyüşləri hansı ordunun yenilməz olduğunu göstərdi. Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, işğal edilmiş torpaqlarda, Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bunu aprel döyüşləri də, 44 günlük Vətən Müharibəsi də bir daha təsdiqlədi. Şanlı Azərbaycan Ordusu düşmənin bütün hədəflərini məhv edərək böyük qələbəyə imza atdı".

Ruhiyyə
Xəbəri paylaş