Newscenter.az.3.04.2021. "Aprel zəfəri 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin ilk uğuru və Ermənistanın qeyri-konstruktiv mövqeyi davam edəcəyi təqdirdə bu uğurun davamlı olacağının xəbərdarlığı idi. Məhz 5 il əvvəl Azərbaycan Ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında dünyaya sübut etdi ki, Azərbaycan torpaqlarının işğalı sonsuza qədər davam edə bilməz və dünya birliyi, beynəlxalq aləm bu istiqamətdə ciddi addımlar atmalıdır".
Newscenter.az verir ki, bu fikirləri Milli Məclisin deputatı Şahin Seyidzadə səsləndirib. Millət vəkilinin sözlərinə görə, Ermənistan rəhbərliyi Aprel döyüşlərindən nəticə çıxarıb işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarını geri çəksəydi 44 günlük Vətən müharibəsinə ehtiyac qalmaz və bu qədər itki verməzdi:
"Təəssüflər olsun ki, hər zamankı kimi Ermənistan rəhbərliyi Aprel döyüşlərindən də nəticə çıxarmadı. 5 il əvvəl bu tarixlərdə yeni ərazilər zəbt etmək istəyi ilə cəbhədə hücuma cəhd edən Ermənistan hərbiçiləri Azərbaycan Ordusunun əks-hücumu ilə geri çəkilməli oldu və işğalda saxladığı bir sıra strateji əhəmiyyətli yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçdi".
Şahin Seyidzadənin sözlərinə görə, Aprel zəfəri həm də Azərbaycan Ordusunun regionun ən güclü ordusu olduğu reallığını ortaya qoydu və istənilən vəzifəni yerinə yetirməyə qadir olduğunu göstərdi.
NEWSCENTER.AZ