Newscenter.az.8.04.2021. Dünya ölkələri üçün 2021-ci il postkoronavirus dövrü kimi xarakterizə edilsə də, Azərbaycanda bu dönəm həm də postmüharibə dövrünün ilk mərhələsidir. 44 günlük Vətən savaşı ilə uzun illər davam edən erməni işğalına son qoyulması, ölkə sərhədlərinin tam şəkildə bərpa edilməsi Azərbaycanın iqtisadi imkanları baxımından da yeni səhifə açdı. Xüsusən də işğaldan azad olunan iqtisadi rayonların ümumi Azərbaycan iqtisadiyyatına qoşulması yeni iqtisadi prioritetləri və idarəetmə modelini günün reallığına çevirdi.
İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan bölgədəki statusunu bir qədər də möhkəmləndirdi. Azərbaycan işğal siyasətindən əl çəkməyən, beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanı güc yolu ilə cəzalandırdı. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, diktə edir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan Prezident İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir. Artıq qonşu dövlətlər də Azərbaycanla eyni mövqeni bölüşürlər. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı fikir ayrılığı yoxdur. Qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması imkanlardan faydalanmaq bütün tərəflərə, ilk növbədə, iqtisadi dividendlər vəd edir. Bu da birmənalı şəkildə onu deməyə əsas verir ki, bu gün artıq regionun gələcək inkişafı üçün nadir imkanlar yaranıb.
Bütün bu reallıqlar fonunda postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar formalaşdırır. Hazırkı mərhələdə işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi başa çatandan sonra kritik yol xətlərinin bərpasına başlanacaq. Bu, yaşayış sahələri arası gediş-gəlişi və digər vacib təminatların təchiz olunmasını asanlaşdıracaq.
İçməli su, sanitariya və irriqasiya sistemlərinin yenidən qurulması prosesi isə insanların həyat səviyyəsinin yaxşılaşmasına və sonrakı mərhələdə iqtisadi baxımdan ailə-ev təsərrüfatlarının canlanmasına töhfə verəcək. Artıq “ağıllı kənd” layihəsinə başlanılıb. Bu, torpaqlarından qovulmuş soydaşlarımız üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq məqsədi daşıyır. Butün bu tədbirlərin həyata keçirilməsi, ərazilərin bərpası üçün Azərbaycan Prezidentinin siyasi iradəsi, ölkəmizin güclü maliyyə resursları var.
Böyük qələbə həm Azərbaycan, həm də qonşu dövlətlər qarşısında yeni imkanlar açdı. İşğaldan azad edilmiş ərazilərimizdə qurulacaq nəqliyyat-logistika imkanları, əlbəttə ki, ilk növbədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasını təmin edəcək. Hazırda Azərbaycan dövləti Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli Beynəlxalq Hava Limanının, Füzuli-Hadrut və Hadrut-Cəbrayıl-Şükürbəyli, eləcə də Füzuli-Şuşa yolunun çəkilməsi prosesini reallaşdırır, Zəngəzur dəhlizi üzərində çox fəal iş gedir. İcra edilən digər layihələr də ümumilikdə Azərbaycanın gücünü, qüdrətini bir daha nümayiş etdirir.
İlkin sosial-iqtisadi inkişafın vacibliyi postkonflikt dövrdə insanların mərhələli şəkildə köçürülməsinə və yardım asılılığından qısa zamanda azad olmalarına gətirib çıxarır. Belə halda isə təhsil, səhiyyə və telekommunikasıya obyektlərinin koordinasiyalı bərpası insanların adaptasiya prosesini sürətləndirir. Paralel şəkildə əhalinin məşğulluğunun artırılması məqsədilə kiçik və orta bizneslərin dəstəklənməsi, bilavasitə ev təsərrüfatlarının inkişafına səbəb olacaq təşəbbüslərin artırılması məqsədəuyğun sayılır. Bundan əlavə, iqtisadi canlanmaya töhfə verəcək bank və turizm sektorlarına da xüsusi diqqət göstərilməsi mühüm önəm daşıyır.
Anar MƏMMƏDOV-Milli Məclisin deputatı