Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putindən çox Paşinyan danışdı



Newscenter.az.8.04.2021. Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Putinlə görüşə başlayarkən media qarşısında diqqəti çəkən 3 açıqlaması var idi. Birincisi o dedi ki, guya əsirlər məsələsində Rusiya Ermənistanla ortaq baxışa malikdir. İkincisi dedi ki, Dağlıq Qarabağ məsələsi hələ tam həll olunmayıb. Üçüncüsü də bildirdi ki, Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyasının inşaasını istəyir.
Paşinyanın görüşdən əvvəl əsirlər barədə dediyi erməni cəmiyyətinə ünvanlanmışdı. Paşinyan bununla göstərmək istəyirdi ki, erməni cəmiyyətini narahat edən mövzunu Rusiya prezidenti ilə geniş müzakirə edəcək. Halbuki, Putin görüşdən əvvəl bu barədə heç nə demədi. Bu mövzu Moskvanı narahat etmir. Bu mövzunu səsləndirmək parlament seçkisi öncəsi Paşinyana lazımdır.

Atom elektrik stansiyası təklifinə gəldikdə, bu da Paşinyanın taktiki gedişidir. Ermənistanın baş naziri bu təklifi səsləndirməklə Putinə göstərmək istədi ki, Msokvaya əliboş gəlməyib. Ancaq kasıb Ermənistanda ikinci atom elektrik stansiyası tikmək Rusiyanın nəyinə lazımdır?
Birincisi, mütəxəssislərin ilkin hesablamalarına görə Ermənistanda ikinci atom elektrik stansiyasının tikintisi 3-7 milyard dollara başa gələ bilər. Bunu kim maliyyələşdirəcək? Ermənistanın pulu yoxdur. Demək İrəvan tikintinin maliyyəsini Rusiyaya yükləmək istəyəcək. Rusiya həmin pulu xərcləyib o şərtlə Ermənistanda atom elektrik stansiyası tikmək istəyər ki, qoyduğu investisiyanı geri qaytara bilsin. Ancaq bunun üçün mifik stansiya tikildikdən sonra əhaliyə elektrik enerjisi baha satılmalıdır ki, Rusiya pulunu geri qaytara bilsin. Ermənistanın kasıb əhalisi baha qiymətə elektrik enerjisi ala biləcəkmi?

İkincisi, rusiyalı eksperlər bildirirlər ki, atom elektrik stansiyasının koprusları Rusiyadan Ermənistana daşınmalıdır. Ancaq Rusiyanın Ermənistanla sərhəddi yoxdur. Həmin korpuslar isə ya dəniz, ya da dəmiryolu ilə Rusiyadan Ermənistana çatdırıla bilər. Ermənistan hər ikisindən məhrumdur. Rusiya Abxaziyanın ilhaqıyla bağlı Gürcüstan dəmiryolundan istifadə edə bilmir. Demək yerdə qalır, həmin korpusları Azərbaycan üzərindən Ermənistana daşımaq. Ancaq bunun üçün Ermənistan Zəngəzur üzərində vaxtilə sökdüyü dəmiryolunu bərpa etməlidir və Azərbaycanla münasibətləri normallaşdırmağa başlamalıdır ki, Rusiya Azərbaycan dəmiryolu üzərindən həmin koprusları Ermənistana çatdıra bilsin.

Beləliklə, Nikol Paşinyanın Rusiyaya səfəri başa çatdı. Moskvada heç bir sənəd imzalanmadı. Moskvada Putindən çox Paşinyan danışdı. Seçki öncəsi çox danışmaq Paşinyana lazımdır. Əsirlər mövzusuna maraq göstərməyən Moskvaya Azərbaycanla Ermənistan arasında nəqliyyat xətlərinin açılması lazımdır. Bunu isə Paşinyan seçkiyə qədər uzatmağa çalışır ki, müxalifətin təzyiqi ilə üzləşməsin. Digər tərəfdən Paşinyanın beynini hələ də bu sual məşğul etməlidir: “Vladimir Putin məndən bir gün əvvəl əsas rəqibim Robert Köçəryanı Moskvaya dəvət edib onunla 1 saat müzakirə aparmaqla nə demək istədi?”

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş