Newscenter.az.8.04.2021. “Məktəblərdə əyani təhsilin dayandırılması ilə bağlı qərar tək sorğu əsasında deyil, elmi təhlillər, tədqiqatlar nəzərə alınmaqla verilib. Təbii ki, qərarvermə prosesində bütün istəkləri təmin etmək mümkün deyil”.
“Report”un xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, proqnozlara görə məktəblərdə yoluxma hallarının artması gözlənilirdi: “Məktəblər tədricən distant tədrisə keçirdi. Eyni zamanda davamiyyət məsələsi də gündəmə gəlirdi. Yoluxmalar artdıqca valideynlər övladlarını məktəbə göndərmirdi. Bütün bunlarla yanaşı, ictimaiyyətin də fikirlərini öyrənmək məqsədilə sorğu təşkil etdik. Bu da birmənalı qarşılanmadı. Bir qisim valideyn övladını məktəbə göndərmək istəsə də, çoxluq distant təhsilə keçilməsinin tərəfdarı idi. Ona görə də qərarın vaxtında qəbul edildiyini düşünürəm”.
E.Əmrullayevin sözlərinə görə, növbəti həftələr ərzində əgər COVID-19-a yoluxma sayları aşağı düşərsə, Təhsil Nazirliyi əyani tədrisə qayıtmaq istəyən ən maraqlı tərəflərdən biri olacaq: “Gərək ictimaiyyət də vəziyyəti düzgün başa düşsün. Həm müəllimlərin, həm də yaşlı valideynlərin sağlamlığını qorumağı da düşünməliyik. Bəzi insanlar qərardan narazı qala bilər. Biz daha çox balanslaşdırılmış qərar qəbul etməliyik. Regionlarda ayrı-ayrı məktəblərdə yoluxma faktları olanda distant təhsilə keçirilir. Hər gün distant təhsilə keçən məktəblər olur”.