Newscenter.az.8.04.2021. “Virtual Məktəb” layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə, müəllim və şagirdlərə göstərdiyi dəstəyə görə təltif olununan müəllimlərlə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və təltif olunan müəllimlər iştirak ediblər.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva təltif olunan müəllimləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Mövcud vəziyyətdə ənənəvi tədrisin əvəz olunması üçün distant təhsilin təqdim olunan ən səmərəli həll variantı olduğunu deyən Mehriban Vəliyeva şagirdlərin təhsildən kənar qalmaması üçün göstərdikləri əməyə görə fədakar müəllimlərə bir daha öz təşəkkürünü bildirib.
İdarə müdiri qeyd edib ki, hazırda ölkə üzrə 62 təhsil meneceri “Virtual məktəb” üzrə fəaliyyət göstərir. Bunun çox böyük bir məsuliyyət olduğunu bildirən M.Vəliyeva müəllimlərimizin öz işinə peşəkarlıqla yanaşmaları sayəsində bu işin öhdəsindən layiqincə gələ bildiklərini söyləyib.
Daha sonra görüşdə iştirak edən müəllimlər göstərilən diqqətə görə BŞTİ rəhbərliyinə öz təşəkkürlərini bildirib və bundan sonrakı fəaliyyətlərində də təhsilin inkişafı, şagirdlərin təhsildən qalmaması üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.
Qeyd edək ki, “Virtual Məktəb” layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə, müəllim və şagirdlərə göstərdiyi dəstəyə görə 53 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səidə Abudova, 86 nömrəli tam orta məktəbin informatika müəllimi Lalə Abudova, 204 nömrəli tam orta məktəbin kimya müəllimi Şəbnəm Kərimli, 298 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, kimya müəllimi Mahirə Nuriyeva, 267 nömrəli tam orta məktəbin informatika müəllimi Sənubər Məmmədova, 245 nömrəli tam orta məktəbin biologiya müəllimi Rufana Məmmədova, 214 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Əsmər Kərimova, 20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Lalə Kərimova, 121 nömrəli tam orta məktəbin informatika müəllimi İlahə Nəcəfzadə Təhsil Nazirliyi tərəfindən “Təşəkkürnamə”yə layiq görülüblər.
R.Mehdiyeva