Natiq Abdullayev: “Ümid edirik ki, yol verilən sosial ədalətsizliyin aradan qaldırılması üçün zəruri addımlar atılacaq”
Newscenter.az.9.04.2021. Ölkədaxili qaz sərfiyyatının dəyərinin diferensiallaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Taarif (Qiymət) Şurası tərəfindən qəbul edilən 28 noyabr 2016-cı il tarixli qərarla (qərara edilmiş dəyişiklər və əlavələrlə) ölkədə aparılan sosial yönümlü siyasətə uyğun olaraq, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsini təmin etmək məqsədi ilə qazın ölkədaxili istehlakçıları “əhali” və “qeyri-əhali” təsnifatına bölünməklə “əhali” kateqoriyası üçün qaz sərfiyyatına güzəşt kvotası (yəni hər kub metr üçün10 qəpik) 2200m3 -dək müəyyənləşdirilib. “Hüquqi İslahatlara Yardım Mərkəzi” İB-nin İdarə heyətinin sədri Natiq Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Taarif (Qiymət) Şurasının sözügedən qərarından və bu qərara müvafiq əlavələrdən görünür ki, qaz istehlakçıları subyektiv tərkibinə görə “fiziki” və “hüquqi şəxs” kateqoriyası ilə deyil, məhz “əhali” və “qeyri-əhali” kateqoriyası ilə təsnifləşdirilmişdir. Hesab edirik ki, ölkədaxili qaz istehlakçılarının subyektiv tərkibinin “fiziki” və “hüquqi şəxs” kateqoriyası ilə deyil, məhz “əhali” və “qeyri-əhali” kateqoriyası ilə təsnifləşdirilməsi qaz sərfiyyatının dəyərinin diferensiallaşdırılması nəticəsində tətbiq edilmiş güzəşt kvotasını istehlakçıların subyektiv tərkibinə obyektiv şamil olunmasını təmin etməyə yönəlmişdir: “Nəzərə alınması zəruridir ki, Bakı və digər şəhərlərdə inşa olunmuş çoxmənzilli binaların əksəriyyətində təhlükəsizlik baxımından mənzillərin ayrı-ayrılıqda qazla təchiz edilməsi nəzərdə tutulmur. Qeyd olunan hündürmərtəbəli, çoxmənzilli binalarda sahə mülkiyyətçilərinə isti su və mənzillərin istiliklə təchizatı binanın ümumi qazanxanası vasitəsi ilə həyata keçirilir. Çoxmənzilli binanın ümumi qazanxanası vasitəsi ilə qazla isti su və istilik alan şəxslər isə həmin binanın ümumi sakinləridirlər ki, onların da hər birinin ayrı-ayrılıqda təbii qazın istehlakçısı olmaqla, “əhali” kateqoriyasına aiddirlər. Məişət abonentləri kimi onlar da tarif qiymətində nəzərdə tutulan həddə (2200 kub.m-dək istehlakın hər kub.m-ə 10 qəpik) güzəşt hüququna malik olmalarına baxmayaraq təbii qazın satışını həyata keçirən “Azəriqaz” İB-yi mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sahə mülkiyyətçilərini ayrı-ayrılıqda abonent kimi deyil, onların yaratdıqları cəmiyyəti hüquqi şəxs kimi qəbul edərək sakinlərin ümumi sayı nəzərə alınmaqla güzəşt kvotası tətbiq etmirlər ki, bunu da cəmiyyətin hüquqi şəxs statusuna malik olmaları ilə əsaslandırırlar. Beləliklə də çoxmənzilli binaların sahə mülkiyyətçiləri dövlətin tətbiq etdiyi güzəşt kvotasından faydalanmaqdan məhrum olurlar. Hesab edirik ki, bu cür yanaşma düzgün hesab edilə bilməz. Belə ki, əks yanaşma “əhali” kateqoriyasına aid olan çoxmənzilli binanın sakinlərinin (sahə mülkiyyətçilərinin) dövlətin tətbiq etdiyi bu güzəştdən məhrum edilməsi ilə nəticələnir. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri Azərbaycan Respublikasının Mənzil Məcəlləsində təsbit edilən hüquqlarından istifadə etməyib, çoxmənzilli binanın idarəetmə üsullarından biri olan Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olan qeyri-kommersiya təşkilatı statusuna malik cəmiyyətlərini təsis edib yaratmadıqları və vahid qazanxanadan istifadə etmədikləri halda bu güzəştdən faydalanmaq imkana malik olduqları halda, sözügedən qeyri-kommersiya təşkilatını yaratdıqları və vahid qazanxanadan istifadə etdikləri halda bu güzəştdən faydalanmaqdan məhrum edilirlər. Hesab edirik ki, bu hal sosial dövlət olan Respublikamızın konstitusion prinsipləri ilə ziddiyyət təşkil etməklə yanaşı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan bərabərlik hüququnun da pozulmasına rəvac verir”.
N.Abdullayevin qənaətinə görə, nəzərə alınması zəruridir ki, qeyri-kommersiya “hüquqi şəxsi” kimi qaz istehlakçısı olan bu cəmiyyətlər istehlak etdiyi qazı yalnız özlərinin təsisçiləri (iştirakçıları) olan sahə mülkiyyətçilərinin (sakinlərinin) ayrı-ayrı mənzillərinin istilik təchizatına və onların isti su ilə təchiz olunmalarına sərf edirlər: “Qeyd etməyi zəruri hesab edirik ki, yuxarıda göstərilən xüsusatları nəzərə almayan “Azəriqaz” İB-yi heç bir hüquqi əsas olmadan hüquqi şəxslər üçün qazın dəyərinin 0,20 manat müəyyənləşdirilməsinə istinad edərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin onlara olan müraciətlərini bu cəmiyyətlərin hüquqi şəxs statusuna malik olmaları əsası ilə təmin etmir. Halbuki yuxarıda göstərildiyi kimi Taarif Şurasının qərarı ilə qazın dəyərinə tətbiq edilən güzəşt kvotasını “fiziki” və “hüquqi şəxs”ə münasibətdə deyil, məhz “əhali” və “qeyri-əhali”yə münasibətdə müəyyənləşdirilmişdir. Əminik ki, məsələnin aktuallığı nəzərə alınacaq və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinə qarşı yol verilən sosial ədalətsizliyin aradan qaldırılması üçün zəruri addımlar atılacaqdır”.
NEWSCENTER.AZ