Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elmi inkişaf üçün mümkün olan bütün yollardan istifadə etmək lazımdır



Newscenter.az.10.04.2021. Son dövrlərdə cəmiyyətimizdə gənclər arasında baş alıb gedən xoşagəlməz halların: intihar, narkomaniya, qeyri-ənənəvi dinlərin təsirinə düşmək və başqa xoşagəlməz hadisələr hamını narahat edir. Müəllim-şagird-tələbə münasibətlərində gərginliklər hələ də qalır. Bir çox hallarda yeniyetmələri nə evdə, nə də məktəbdə anlamaq istəyirlər, onlar isə suallarına cavabı onlara doğma olmayan “başqa yerlərdə” axtarmalı olurlar. Belə misallar yüzlərcədir. Sadəcə, bunların çoxunu eşidib eşitməzliyə, ya da görüb görməzliyə vururuq özümüzü, birtəhər yola veririk.

Bu hadisələrlə bağlı maraqlı, cəfəngiyat xarakterli açıqlamaların sayı isə hadisələrin sayından qat-qat çox və qorxuncdur. Bir-birindən fərqli, daha çox hallarda isə bir-birinə zidd olan bu fikirləri çətinliklə olsa da dinlədikdən, bir xeyli də düşündükdən sonra yeganə çıxış yolu kimi səbir və təmkinlə bir cox atalar məsəlinə müraciət etməli oluruq. Daha sonra istər-istəməz belə bir sual doğur, bəs, görəsən, belə halların çoxalmasının başlıca səbəbi haradadır, nədədir?

Bu sualların cavabı bir olsa da, güman min yerə qaçır. Fikirlərimiz dünyanı dörd dolansa da, sonunda ən güman və şübhə yeri kimi yenə də məktəbin, təhsilin üstünə qayıdırıq. Böyük şairimiz Hüseyn Cavid yazırdı ki, "Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər”. Məktəb, təhsil hər kəsin, millətin taleyində öz naxışını mütləq həkk edir. Bütün xalqlar məktəbə, təhsilə ümidlə baxırlar. Xoşbəxt o xalqdır ki, özünə rəhbər seçib taleyini etibar etdiyi Lider ona yolun ən düzgününü nişan verir. Bu, elm və təhsil yoludur. Bu sahəyə qayğı göstərən dövlət rəhbərləri bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya elminə və təhsilinə böyük töhfələr verir.Bu baxımdan ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” amalı müstəqilliyimizin ilk illərindən Azərbaycan cəmiyyətini inkişaf və tərəqqiyə səsləyən bir qüvvəyə çevrildi. Milli təhsil quruculuğunun konsepsiya və strategiyasının hazırlanmasında bir təməl oldu.

Müdriklərdən biri deyir ki, iki cür yolgöstərən var: biri öz yolunu başqalarına təlqin edir, digəri isə insanlara onların öz düzgün yollarını tapmaqda yardımçı olur.

Böyük liderlər zəmanələrinin mürşidləri kimi insanlara ən düzgün yolu tapmaqda kömək göstərirlər. Dövrünün görkəmli maarifpərvərlərindən olan Nəriman Nərimanov vaxtilə yazırdı: "Əgər tarixə nəzər salsanız, yəqin edərsiniz ki, heç bir xalq qılınc və silahla irəli getməyibdir. Hansı millət ki, gedib qabağa, tərəqqi edibdir, yalnız elmin, təhsilin gücünə xoşbəxt olubdur”.Cənab İlham Əliyevin da xatırlatdığı kimi, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, həmin ölkələrdə əldə edilmiş tərəqqi təhsilin yüksək səviyyəsi ilə bağlıdır.

Pandemiya şəraitində Azərbaycanda təhsilin fasiləsizliyinin təmin edilməsi bir sıra istiqamətləri və mərhələləri əhatə etmişdir. Son günlərdə dünyanı cənginə alan gözəgörünməz düşmənin yenidən kütləvi itkilərlə müşayiət edilməsi ilə əlaqədar olaraq məktəblərin yenidən bağlanması hər birimizdə ciddi narahatlıq doğurmağa başladı.

Bütün dünyada pandemiyanın ən yüksək yayılma nöqtəsində şagirdlərin 90 faizi zərər çəkdi və üçdə- birindən çoxunu distant təhsilə girişdən məhrum edən məktəblərin bağlanmasının nəticələri çox böyük idi. Uşaqların oxuma, yazma və əsas riyaziyyat bacarığı zərər gördü və onların 21-ci əsrin iqtisadiyyatında inkişaf etdirməli olduqları bacarıqlar azaldı. Məktəblilərin sağlamlığı, inkişafı, təhlükəsizliyi və rifahı təhlükə altındadır. Onlardan ən həssas olanlar ən ağır zərbəni alacaqlar. Məktəbi tərk edən uşaqlar artaraq ən yüksək səviyyəyə çatacaq.Uşaqlar bir il daha məktəblərin bağlanması ilə üzləşsələr, gələcək nəsillər üçün nəticələr hiss olunacaq.Əlbəttə ki, distant təhsil ənənəvi təhsil sistemini əvəz etmir, amma gələcək inkişaf üçün onlayn təhsil artıq yaşadığımız həyatın bir parçasına çevrilib. Elmi inkişaf üçün mümkün olan bütün yollardan istifadə etmək lazımdır. Unutmayaq ki, zaman hər an əleyhimizə işləyir, ona görə də vaxtımızı düzgün dəyərləndirməliyik.

P.S.
Xalqın, dövlətin sabahı belə bir bünövrə üzərində bərqərar olur.
Təhsilə, elmə marağı ilə bu təməli yeni nailiyyətlərlə möhkəmləndirmək isə hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.Gələcək nəsillərin savadlı,dünyagörüşlü və mənəvi cəhətdən sağlam yeni nəsil yetişməsi ücün bu vicdan borcunu istər müəllim, istərsə də valideyn kimi layiqincə həyata kecirtmək lazımdır!!!

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyiniz üzvü
Xəbəri paylaş