Newscenter.az.19.04.2021. Paytaxtın Suraxanı rayonunda evlərdən birindən oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxslər zərərçəkənin mənzilindən 11 600 manat oğurlayıblar.
Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mübariz Yəhyayev, Natiq Əhmədov, Şahin Rzazadə və Kəmalə Mehdiyeva saxlanılıblar.
Oğurlanan pulun bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq götürülüb.
Suraxanı RPİ əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakinləri Zamiq Heydərov və Asudə Sultanova saxlanılıblar.
Onların üzərindən və yaşadıqları evlərdən heroin, eləcə də, digər növdən olan narkotik vasitələr aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər barəsində Suraxanı RPİ-nin İstintaq Şöbəsinə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
"Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər".