Newscenter.az.19.04.2021. Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın eyni gündə həm Azərbaycanın, həm də Ermənistanın bu ölkədəki səfirləri ilə ayrılıqda görüşməsi diqqətimi çəkdi. Mətbuata yayınlanan açıqlamada göstərilir ki, Laşa Darsaliya Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib: “Görüşdə bölgədəki vəziyyətə xüsusi diqqət ayırılıb, regionda sülh və sabitliyin önəmi vurğulanıb. Qeyd olunub ki, yeni reallıqları nəzərə almaqla region ölkələri sıx iş aparmalıdırlar”. Oxşar cümlələr Laşa Darsaliyanın Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla görüşündən sonra da yayınlanıb: “Görüşdə ölkələr arasında əməkdaşlıq və bölgədəki vəziyyət ətrafında fikir mübadiləsi aparılıb”.
Səfirlərlə eyni gündə keçirilən görüşlər Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyindən irəli gələ bilərmi? Gürcü diplomat səfirlər vasitəsilə Tiflisin təkliflərini Bakı və İrəvana göndəribmi?
Gürcüstan prezidenti Salome Zurabişvili bir neçə gün əvvəl Tiflisdə erməni həmkarı Armen Sarkisyanla görüşmüşdü. Salome Zurabişvili erməni həmkarıyla birgə bəyanatla çıxış edərkən bunu demişdi: “Regiondakı istənilən münaqişə bütün bölgəyə təsir edir, buna görə də Qafqazın inkişafı üçün sülh və əməkdaşlığın alternativi yoxdur”. Salome Zurabişvili Azərbaycan və Ermənistan arasında vasitəçi ola biləcəyinə bu cümləylə işarə etmişdi: “Biz dialoq üçün platforma təklif etdik və bu təklifimiz qüvvədə qalmaqda davam edir”.
Gürcüstanın vasitəçiliyi Azərbaycan üçün faydalı ola bilərmi?
Əgər bu vasitəçilik Ermənistanı Azərbaycana qarşı gələcək təxribatlardan çəkindirəcəksə və regional əməkdaşlığı ön plana çəkəcəksə, Gürcüstanın vasitəçiliyi qəbul oluna bilər. Ancaq biz nəyi müşahidə edirik? Ermənistan prezidenti gürcü həmkarının fəxri qonaqlar kitabına ürək sözlərini yazdıqdan sonra Türkiyə ərazisində yerləşən Ağrı dağının rəsmini çəkib və Salome Zurabişvili bunu sükutla qarşılayıb, hətta sosil şəbəkədə paylaşmağa üstünlük verib. Digər tərəfdən Azərbaycanla Ermənistan arasında Zəngəzur üzərindən kommunikasiya xətləri açılarsa iqtisadi zəmində bundan Gürcüstanın elə bir uduşu olmayacaq. Gürcüstan illərdir Azərbaycan-Ermənistan gərginliyindən öz məqsədləri üçün istifadə edib, iqtisadi qazancını artırıb. İndi Tiflisin siyasətini qəfil dəyişəcəyini və Ermənistanla Azərbaycanı barışdırmaq üçün var gücüylə çalışacağını söyləmək çətindir.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin sədri