Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda tez-tez səyahət edən şəxslər və iş adamları üçün yeni imkanlar



Newscenter.az.20.04.2021. Günü-gündən rəqəmsal texnologiyaların bizə təqdim etdiyi imkanların sayı artır və pandemiyanın yaratdığı böhran həyatımızı çətinləşdirdikcə alternativ çıxış yollarına köklənməyə çalışırıq. Əslində bu bizə qısa müddət ərzində texnologiyalarla ayaqlaşmalı olduğumuzu bir daha xatırladır.

Getdikcə vaxt itkisi olmadan dünyanın istənilən yerindən əlverişli bağlantının qurulması və məqsədlərimizin reallaşdırılması tələbi ortaya çıxır. Buna mobil rouminq vasitəsilə nail olmaq mümkündür. Avropalıların istər Helsinki, istərsə də Madridə səyahət zamanı eyni qiymətlə “evdəki kimi rouminqdən” (Roam like at Home) yararlandığı vaxt Azərbaycanlılar xaricə, hətta qonşu ölkələrə səfər edərkən yüksək rouminq tarifləri ilə üzləşirlər.

Hazırda EU4Digital təşəbbüsünün dəstəyi ilə altı Şərqi tərəfdaşlıq ölkəsi - Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan arasında vahid rouminq məkanının yaradılması istiqamətində işlər gedir. Layihə ilə bağlı fikirlərini bölüşən Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə onu Azərbaycan üçün "qaçılmaz fürsət" adlandırıb. Bununla bağlı hazırlanan Regional Rouminq Razılaşmasına əsasən rouminq qiymətlərinin 2026-cı ilə qədər 87 faizə qədər ucuzlaşması gözlənilir.
2019-cu ilin fevralında Şərq Tərəfdaşlığı ölkələri və Aİ-yə üzv ölkələr arasında rouminq tariflərinin iqtisadi cəhətdən davamlı edilməsi, vahid beynəlxalq rouminq məkanının yaradılması imkanının tədqiqinə dair razılığa gəlinib. Gələcəkdə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı (ŞT) ölkələri arasında da sərfəli şərtlərlə rouminq xidmətləri təklif ediləcək.

“Evdəki kimi rouminq”

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri (DG NEAR) üzrə baş direktorunun müavini Katarina Maternovanın fikrincə, Regional Rouminq Razılaşması Avropa İttifaqının on ildən çox dövrü əhatə edən rouminq tənzimləməsi təcrübəsinə əsaslanır: "Aİ-nin bu təcrübəsi hər kəs üçün daha yaxşı əlaqə, daha geniş əhatə dairəsi və daha aşağı qiymətlər təmin edərək öz səmərəsini aydın şəkildə göstərib”.
Aİ-nin "Evdəki kimi rouminq" (RLAH) razılaşması 2017-ci ildə qüvvəyə minib. Cəmi iki il sonra, yəni 2019-cu ilin yayında Aİ-də rouminq istifadəçilərinin sayı müqavilədən öncəki illə müqayisədə on yeddi dəfə çox olub.

Elektron Rabitə üzrə Avropa Tənzimləyiciləri Təşkilatının Rouminq üzrə İşçi Qrupunun (BEREC) həmsədrləri Elizabet Felber və Yoanna Çudalaki “evdəki kimi rouminq” razılaşmasını böyük uğur hesab edir. “BEREC-ın müntəzəm məlumat toplama əməliyyatları rabitə sahəsində maneələrin aradan qaldırılması ilə rouminq istehlakında əhəmiyyətli artım olduğunu göstərir. Rouminq tənzimləməsi vahid Avropa bazarını daha da gücləndirib. Bu təkcə istehlakçıların deyil, ayrı-ayrılıqda hər bir üzv ölkənın, bütövlükdə Aİ cəmiyyətinin və iqtisadiyyatının xeyrinədir".

Razılaşmanın faydası

Ümumilikdə Regional Rouminq Razılaşmasının müsbət təsiri 4,6 milyon avro dəyərində qiymətləndirilir. Razılaşmanın 2021-ci ilin payızında imzalanması və 2022-ci ildə qüvvəyə minməsi gözlənilir. Nəticədə 2026-cı ildə müştərilərin rouminq xərclərinin maksimum azalacağı gözlənilir.

Razılaşmanın müəyyən edilən məqsədlərə çatmasında icrası üzrə lazım olan qanuni düzəlişlərin qəbulu nəzərdə tutulub.
"İstifadəçilər müqavilənin təsirini 2022-ci ildən etibarən hiss edəcəklər. Bunu EU4Digital Proqramının Telekommunikasiya qaydaları layihəsinin rəhbəri Andres Dombrovoskis bildirib.

"Razılaşmanı imzalayan Şərq Tərəfdaşlığı ölkələrində, rouminq qiymətlərinin mobil telefondan istifadəyə təsir göstərməyəcək həddə qədər tədricən azalması nəzərdə tutulur. Rouminq xərclərində azalma ölkədən ölkəyə fərqlənir. Razılaşmaya görə, Azərbaycan da daxil olmaqla altı tərəfdaş ölkədəki müştərilərin rouminq xərclərinin 87 faizə qədər azalması nəzərdə tutulur.

Razılaşmanın təsiri 2022-ci il 1 yanvar tarixindən etibarən hiss olunacaq, sonrakı illərdə isə növbəti addımlar atılacaq. Milli rəqabət şərtlərini əks etdirən yekun yanaşma ilə xidmətlər üçün daxili qiymət tənzimləyici operatorun qiymətinə əlavə ediləcək və müştəri üçün yekun qiymət təyin olunacaq. Azərbaycanda mobil xidmət qiymətlərinin nisbətən aşağı olması fonunda bu çox yaxşı yanaşma hesab edilə bilər. Regional Rouminq Razılaşması imzalandıqdan və həyata keçirildikdən dərhal sonra olduqca əlverişli rabitə xidmətindən istifadə etmək mümkün olacaq".

Azərbaycan üçün yeni imkanlar


Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Nazirliyin Şərq Tərəfdaşlığı (ŞT) Təşəbbüsü çərçivəsində artıq uzun illərdir ki, həm ŞT ölkələri, həm də Avropa İttifaqı (Aİ) ölkələrinin telekommunikasiya tənzimləyiciləri ilə sıx əməkdaşlıq etdiyini deyir.

“Məqsəd həm beynəlxalq, həm də regional səviyyədə telekommunikasiyanın inkişaf dinamikasından kənarda qalmamaq, telekommunikasiyanın imkanlarını, xidmətlərini əhali, biznes və hökumət strukturları üçün hər yerdə mümkün və əlçatan etməkdir". ŞT ölkələri ilə imzalanacaq Regional Rouminq Sazişi məhz bu məqsədə xidmət edir. Vətəndaşlarımız gələcəkdə Gürcüstana, Ukraynaya, Belarus və Moldovaya səyahət etdikləri zaman sərfəli rouminq tariflərindən yararlana biləcəklər. Azərbaycanda fəaliyyət göstərən mobil şəbəkə operatorları ilə adlarını çəkdiyim ölkələrin mobil şəbəkə operatorları arasında beynəlxalq rouminqdə həm səs, həm SMS, həm də mobil data xidmətləri üzrə tətbiq olunacaq qiymətlərdən sonunda vətəndaşlarımız faydalanacaqlar".

Dövlət rəsmisi inanır ki, Regional rouminq razılaşması əslində Azərbaycan üçün yeni imkanlar yaradacaq: Gələcəyə baxışla yanaşsaq, telekommunikasiyanın nə qədər sürətlə inkişaf etdiyinin hər gün şahidi oluruq. Bu isə o deməkdir ki, telekommunikasiya xidmətlərinin çeşidi artır, dəyişir. Bunun özü artıq həyatımıza bir dinamika gətirir, işimizi, ünsiyyətimizi, həyatımızı asanlaşdırır. Əminəm ki, istifadəçilər rouminqdə olarkən də bunlardan faydalana biləcəklər. Çünki hazırki inkişaf özü bunu mümkün edir".

5 illik dövr ərzində rouminq tariflərinin 87 faiz ucuzlaşacağını vurğulayan nazir müavini qeyd edir ki, bu gün həyatımızı rabitəsiz, xüsusən də internetsiz təsəvvür edə bilmirik:

"ŞT ölkələri arasında beynəlxalq mobil rouminq xidmətlərinin 87 faiz aşağı salınması o deməkdir ki, biz Avropa məkanında eyni xidmətlərə tətbiq olunan tariflərə yaxınlaşmış olacağıq. Bu, yaxın gələcəkdə Aİ ölkələri ilə də münasib və əlçatan beynəlxalq rouminq tariflərinin tətbiqini mümkün edir. Təbii ki, həm mobil operatorlar, həm də onların təqdim etdiyi xidmətlərdən istifadə edən vətəndaşlarımız üçün sərfəli olacaq.
Harada olmağımızdan, hansı ölkəyə səfər etməyimizdan asılı olmayaraq biz yaxınlarımız və dostlarımızla daim əlaqədə olmaq istəyirik. Bu həm də işgüzar insanların işini asanlaşdırır. Bir sözlə, bu, aktiv həyat tərzi keçirən insanlar üçün qaçılmaz bir fürsət olacaq".
Nazir müavininin sözlərinə görə, ilk baxışda rouminq qiymətlərinin endirilməsi mobil rabitə operatorlarının gəlirləri baxımından cəlbedici görünməyə bilər, lakin daha çox istifadəçi və daha çox trafik, istər səs və ya data, yekunda Aİ-də olduğu kimi müsbət saldoya gətirib çıxaracaq.

Əlaqəni kəsmədən iş fəaliyyətinə davam


Səyyah jurnalist və bloger Azər Qərib son illər ərzində rabitə sahəsindəki yeniliklərin iş fəaliyyətini asanlaşdırdığını düşünür. Onun fikrincə, qiymətlərin düşməsi, xüsusən də texnologiyaya artan ehtiyac nəzərə alınmaqla böyük dəyişikliyə səbəb olacaq.

"Televiziya fəaliyyətimlə bağlı ilk səfərlərimdə çox böyük problemlər yaşayırdım və yalnız ölkəyə qayıtdıqdan sonra verilişi efirdə yayımlaya bilirdik. Bugünkü müasir texnologiyalar elə imkanlar yaradır ki, heç televiziyaya da ehtiyac olmur. İstənilən anda canlı yayıma qoşularaq gördüklərimizi böyük bir kütləyə göstərə və şərh edə bilərik. Mənim üçün bunlar inanılmaz dəyişikliklərdir".

"Rouminq yaxınlarımızla ünsiyyətimizi daha əlçatan edir. İlk növbədə bu gün rouminqin bizə vermiş olduğu imkanların artması işlərimizi daha da yüngülləşdirəcək. Bu istər fərdi, istərsə də biznes nümayəndələri, istərsə də yaradıcı insanlar üçün operativ əlaqə yaratmaq üçün bir vasitədir. Eyni zamanda ailə üzvlərimizin, yaxınlarımızın, dostlarımızın və digər sevdiklərimizlə daha da yaxın olmağımıza şərait yaradır.
Rominq qiymətlərinə gəldikdə onu qeyd etmək istərdim ki, bir ölkə tərkibində fərqli operatorlar turistlərə çox fərqli qiymətlər təklif edə bilər. Bu cəhətdən vahid regional və beynəlxalq rouminq məkanının yaradılması istənilən halda sərfəli olacaq. Şadam ki, Azərbaycanda artıq bu cür təcrübəni tətbiq edən operatorlarımız var".

Layihə ilə bağlı təəssüratlarını bölüşən bloger qeyd edir ki, vahid regional rouminq məkanının yaradılması ilə həyatımız daha da rahatlaşacaqsa buna olduqca müsbət yanaşır: "Hardasa 20 il bundan əvvəl oğlum xaricdə təhsil alan zaman ənənəvi telefon danışıqları həyata keçirirdik. Danışıq zamanı çox vaxt problemlərlə üzləşirdik... Bağlantıda tez-tez kəsintilər olurdu və s. İllər keçdi və artıq kiçik oğlum xaricdə təhsil almağa başladıqda mən onunla ənənəvi telefon danışıqlar ilə yanaşı həm də görüntülü şəkildə ünsiyyət qururdum".
"Yaxın dövrdə rouminq xidmətlərinin daha ucuz və əhatə dairəsinin regional, hətta, beynəlxalq səviyyədə genişlənməsi aktiv şəxslər üçün müstəsna rol oynayacaq. Yaxınlarımızla məsafədən asılı olmayaraq ünsiyyətimizin daha sıx və daha sərfəli olması istehlakçı tərəfindən yalnız alqışlarla qarşılana bilər və mən də bu alqışlara qoşuluram".
Xəbəri paylaş