Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Meyvə-tərəvəzləri təhlükəli zərərvericilərdən necə qoruyaq?



Newscenter.az.20.04.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssislərinin hazırladığı budəfəki maarifləndirici mövzumuz isə meyvə-tərəvəzin təhlükəli ziyanvericilərindən biri olan qəhvəyi mərmər taxtabiti haqqındadır.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, Asiya mənşəli qəhvəyi mərmər taxtabiti Çin, Yaponiya, Koreya,Tayvan ölkələri üçün spesifik iyli taxtabiti növünə aid olub, mülayim-subtropik iqlim qurşağında yayılıb. Bu həşərat istisevəndır və +15-33° C temperatur həddində inkişaf edir. Zərərverici +15° C-dən aşağı temperaturda qışlamaya, +33° C-dən yüksək temperaturda isə diapauzaya (sükunət dövrü) keçir. Qəhvəyi mərmər taxtabiti polifaq zərərvericidir. Əsasən üstünlük verdiyi gülçiçəklilər fəsiləsi (Rosaceae) ilə birlikdə 49 fəsiləyə aid olan 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.

Həm yetkin, həm də sürfə mərhələsində zərərverici bitkinin meyvələri, cavan budaqları, yarpaqları, kökü, gülü və toxumları ilə qidalanır. Bu zaman meyvə-tərəvəzin səthini zədələyərək həmin hissədə nekrozun yaranmasına, üst səthin kələ-kötür olmasına, qəhvəyi və ağ rəngli ləkələrin əmələ gəlməsinə və meyvələrin dadının dəyişməsinə səbəb olur. Qəhvəyi mərmər taxtabitinin vurduğu zərər ilk olaraq meyvənin xarici görünüşündə özünü göstərir. Sitrus bitkilərində, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qarğıdalıda dənin inkişafı dayanır, qərzəkli bitkilərdə (xüsusən fındıq) meyvələri sütül dövründə zədələyir və belə meyvələrdə ləpə inkişaf etmir. Pomidorda isə meyvənin ölçüsünün kiçik olmasına, çəkisinin itməsinə və dadının acı olmasına səbəb ola bilir. Ümumiyyətlə, qəhvəyi mərmər taxtabitinin qidalanması çoxlu sayda hüceyrə şirəsinin itməsinə, toxumların və meyvələrin deformasiyasına səbəb olur.

Qeyd edək ki, qəhvəyi mərmər taxtabitinin sahib bitkilərindən 113-ü Azərbaycan florasında mövcuddur. Azərbaycanın əksər bölgələrinin bitki örtüyü və iqlim şəraiti zərərvericinin məskunlaşması üçün əlverişlidir. Xüsusilə də Lənkəran-Astara bölgəsi iqlim şəraitinə görə məskunlaşma üçün optimal mühit sayılır. Bundan başqa, həmsərhəd ölkələrdən də zərərvericinin Azərbaycana keçmə ehtimalı yüksəkdir. Qeyd edək ki, qəhvəyi mərmər taxtabitinin yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri və avadanlıqları, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə də yayıla bilir.

Orxan
Xəbəri paylaş