Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada İsgəndər-M raketinin qalıqları və Xocalıda keçirilməsi nəzərdə tutulan parad



Newscenter.az.20.04.2021. Ermənistanda postmüharibə dövründə artıq bir neçə müddətdir ki, diqqətlər 20 iyun tarixinə təyin edilmiş növbədənkənar parlament seçkilərinə köklənib. Ancaq regionda hadisələr qaynar məcrada davam etməkdədir. Həm Paşinyan, həm də ona müxalif quvvələrin və cinayətkar Qarabağ klanının başında duran Köçəryan İrəvan Moskva yolunu, su yoluna döndəriblər. Təbii ki, bu bizim deyil, Moskvanın forpostu olan Ermənistanın daxili işidir. Bizi maraqlandıran sadəcə yenicə müharibədən çıxmış regionda sülhə və sabitliyə təhdid yaradacaq halın baş verməməsidir. Bunun da cavabı artıq bəllidir. Onsuz da müharibəyə qarşı olan Paşinyandan sonra, populist müharibə çağırışları edən Köçəryan da artıq Moskvada beyət edərək müharibə etməyəcəyinə söz verdi.

Müharibədə qalib gələn Azərbaycanı narahat edən əsas məsələlərlə bağlı əhəmiyyətliliyinin dərəcəsi baxımından müəyyən dəyişikliklər baş verməkdədir. Belə ki, əvvəlcə bizi qalib tərəf olaraq bəyanatın icra olunmamış bəndləri, azad edilməli olan bir neçə kəndimiz, ərazilərimizdə hələ də qalmaqda olan düşmənin silahlıları və ən əsası Naxçıvana açılmalı olan nəqliyyat dəhlizi narahat edirdi. Ancaq hazırda azad etdiyimiz ərazilərdə bərpa işlərini uzun müddətə iatisna edəcək minalarla bağlı problem aktuallaşıb. Çünki, onsuz da Azərbaycan dövlətinə ağlagəlməz dərəcədə maddi və mənəvi zərər vuran işğalçı Ermənistan minalarla bağlı xəritəni təqdim etməməklə bu zərərin miqyasını və aradan qaldırılma müddətini artırmaqdadır. Təbii ki, Azərbaycan bu istiqamətdə çaba göstərərək, beynəlxalq ictimaiyyətə, o cümlədən də Rusiyaya təsir göstərməkdə haqlıdır. Ərazilərin bu qədər sıx şəkildə minalanmasını bilmədiyimiz üçün 10 noyabr tarixli bəyanata bununla bağlı bəndin daxil edilməsini tələb etməməyimiz bundan sonra bununla bağlı razılaşmanın əldə edilməsi imkanını istisna etmir. Ümid edək ki, Azərbaycan yaxın zamanda üç tərəfli razılaşma şəklində bu öhdəliyin müəyyən edilməsinə nail olacaq.

Tam yeni bir reallığın müəyyənləşdiyi regionda çox ciddi suallar və müəmmalı vəziyyət yaradan məqamlardan biri də İskəndər raketləri ilə bağlı məsələdir. Belə ki, yalnız Rusiyanın hərbi arsenalına aid olan İskəndər raketlərinin Rusiya tərəfindən Ermənistana verildiyi bəllidir. Sadəcə Ermənistana verildiyi bəlli olan yalnız E tipli ilkin nəsil İskəndər raketləridir. Yeni modfikasiya edilmiş və yalnız 280 km məsafəni qət edə bilən İskəndər-E raketindən fərqli olaraq, daha uzaqda, yəni 500 km məsafədəki hədəfləri vura bilən İskəndər-M raketlərinin isə yalnız Rusiya ordusunda olduğu da məlumdur. Bunu son günlər baş verən hadisələrlə bağlı Rusiya rəsmiləri də bir daha təsdiq etdilər.

Bundan başqa, ümumiyyətlə Rusiya tərəfi ikinci Qarabağ müharibəsi ərəfəsində heç bir İskəndər raket növündən istifadə edilmədiyini vurğuladı. Əgər belədirsə, o zaman işğaldan azad edilmiş Şuşa ərazisində tapılmış İskəndər-M raketinin qalıqları nədən xəbər verir? Subyektiv düşüncəmə əsaslanıb deyə bilərəm ki, baş verənlərlə rəsmi mövqelər arasındakı təzadlar bir neçə versiyanın üzərində dayanmağa əsas verir.

Son müharibə ərəfəsində Azərbaycan ərazisinə İskəndər raketinin atılmadığını iddia edən rəsmi Moskva ya Şuşanı Azərbaycan ərazisi hesab etmir, ya da ki, fikirlərində qeyri səmimidir. Bundan başqa rəsmi Moskva həm də, İskəndər-M tipli raketləri Ermənistana vermədiklərini iddia etdi ki, bu da öz növbəsində ya siyasi riyakarlıqdan, ya da ölkənin hərbi isteblişmentində nəzarətsizliyin və xaosun olmasından xəbər verir.

Partlayışı və dağıntıları ilə ciddi şəkildə fərqlənən İskəndər-M raketlərinin müharibə dövründə iatifadəsinə dair heç bir məlumat yayılmadı. Hələ üstəlik də, Paşinyanın atdıqları İskəndərin yarımçıq partlaması barədə sərsəm bəyanatı və rəsmi Bakının da bunu təkzib etməsi müharibə dövründə İskəndərdən istifadə edildiyini istisna edir. Ancaq yenə də, göz gördüyünə inanar deyib, Şuşada tapılmış İskəndər M-in qalıqları sualı sualla əvəzləyir. O zaman belə çıxır ki, bu raket müharibədən sonra istifadə edilib. Əgər belədirsə, orada sülhməramlılıq missiyasını üzərinə götürən Rusiya bundan niyə xəbərsizdir?! Yoxsa, yalnız özündə olduğunu iddia edən Rusiya bu raketin qalıqlarını Şuşa ərazisində bizə tapdırmaqla kiməsə hansısa mesajı vermək istəyir?!

Mesaj məsələsi bir az ağlabatan versiyaya oxşayır. Çünki, bilmirəm təsadüfən yoxsa zərurətən ilin əvvəlində belə bir məlumat yayıldı ki, 26 fevralda doğulan Türkiyə Prezidenti Ərdoğan doğum gününü Xocalıda qeyd edəcək. Bununla bağlı dəqiq məlumat müəyyən etmək mümkün olmasa da, bu məlumatın kimlərinsə maraqlarına uyğun tirajlandığını düşünürəm. O məlumat dəqiq olmasa da, təxminən bir ay sonra olacaq ramazan bayramından sonra Azərbaycanın dövlət başçısı ilə Şuşaya gedəcəyini Prezident Ərdoğanın şəxsən deməsi səhihdir. Bu hal Rusiyada qıcıq yaradır və bəzi hollivud filmlərində olduğu kimi güllənin, öz miqyasına uyğun forması və yalnız Rusiyanı xatırladacaq İskəndər-M raketinin qalığı ilə xəbərdarlıq edir. Bəs o zaman növbəti sual ola bilər ki, Azərbaycana aid olan bir şəhərə Türkiyə dövlətinin başçısının Azərbaycanın razılığı və Prezidentinin iştirakı ilə səfəri Rusiyanı niyə qıcıqlandırmalıdır? Zənnimcə ona görə ki, Şuşaya F-16 qırıcılarının müşaiyəti ilə gəlməsi sülhməramlı missiyası adı altında regionda mövcud olan Rusiya hərbçilərinin mövcud gücünə xələl gətirəcək, onların iddiasında olduqlarından daha cılız görsənmələrinə səbəb ola bilər.
Bundan başqa ən ciddi əhəmiyyət kəsb edən məqamlardan biri də, Qərblə, yəni ABŞ və Nato ilə Rusiya arasında Ukrayna üzərindən gedən psixoloji mübarizə ilə bağlıdır. Çünki, artıq psixoloji müharibə mərhələsinə qədəm qoyan bu prosesin əsas açar nöqtələrindən biri Türkiyədir. Və heç bir halda Krım və Donbas probleminin həllində özünün hərbi quvvələri ilə bilavasitə aktiv iştirak etməyəcək ABŞ bu günlərdə hərbi gəmilərinin Qara dənizə keçməsi üçün Türkiyədən razılıq verməsini istədi. ABŞ-a gəmilərini Qara dənizə daxil etmək hərbi əməliyyatlar keçirmək üçün deyil, sadəcə buna Türkiyə dövlətinin rəsmi razılığının alınması üçün lazım idi. Niyə? Türkiyə ilə Rusiya arasında münasibətləri nisbətən gərginləşdirmək və nəzarətdə saxlanılacaq səviyyəyə gətirmək. ABŞ buna nisbətən də olsa nail oldu. Və məhz buna görə də, dərhal gəmilərini geri qaytardı.

Artıq növbə Rusiydadır və şimal qonşumuz regionda məramının yalnız sülh olduğunu bir kənara qoyub, sülhü təmin etməli olduğu ərazidən siyasi mesajlar vermək məqsədilə istifadə edir. Şuşaya ramazan bayramından sonra nəzərdə tutulmuş səfərə İskəndər-M qalıqları ilə mesajın ardınca, Türkiyənin Ukraynaya verdiyi dəstək və ümumilikdə Rusiya Ukrayna məsələsində tutduğu mövqeyə cavab olaraq rəsmi Moskva Xocalıda parad keçirməyi düşünür. Təbii ki, sülhməramlı quvvələrin parad keçirməsi, xüsusilə də, məhz Xocalıda keçirmək cəhdinin başqa bir cavabı ola bilməz.
44 günlük müharibədən sonra Rusiya dövlətinin 10 noyabr tarixli Bəyanatın imzalanmasında çox böyük fəallığı, ondan sonra baş verən proseslərdə aktiv iştirakı və regionda sülhməramlılıq missiyasını üzərinə götürdüyü zaman dediyim kimi, uzun illərdən sonra Azərbaycan cəmiyyətində və xalqımızda özün qarşı olan etimadın bərpası üçün şimal qonşumuza çox real bir imkan yaranıb. On illiklər ərzində xalqımızda özlərinə qarşı formalaşdırdıqları inamsızlıq və etimadsızlıq sindromunu dəf etmək üçün rəsmi Moskva bu şansı mümkün qədər düzgün dəyərləndirməlidir. Ancaq hələ ki, görünənlər fərqli mənzərəni diktə edir. Görünən odur ki, bütün qonşularını özünə qarşı qoyan və ona qarşı bəlkə də sonuncu ən səmimi tərəfdaşı olan Azərbaycanla da münasibətlərinin kövrəkliyinin fərqində deyil. Hər bir halda hesab edirəm ki, hələ zaman və imkanlar var və ətrafına münaqişələrdən çənbər çəkəməkdə olan Rusiya baş verənlərin ciddiliyinin fərqinə varacaq.

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş