Newscenter.az.20.04.2021. İşğalçı Ermənistana güldən ağır bir söz demək istəməyən və yaxud, deyə bilməyən "milli" kosmopolitlərimizin, humanistlərimizin, pasifistlərimizin, "no war"çılarımızın Bakıda açılan Hərbi Qənimətlər Parkına dil uzatmağa əsla ixtiyarları yoxdur. Sapı özümüzdən olan bu "balta"ların başında hazırda Sevinc Osmanqızılar, Qənimət Zahidlər və başqaları dayanır. Bu zavallılar 44 günlük müharibədə 3 min nəfər şəhidimizin qanı bahasına başa gəlmiş tarixi Zəfərimizə hər cürə çirkin vasitələrlə, yersiz ifadələrlə kölgə salmağa çalışırlar.
Bu adamlar sanki qarşılarına Azərbaycanın dövlət və milli maraqlarına qarşı çıxış etməyi həyati məqsəd kimi qoyublar. Milli hisslərdən tamamilə məhrum olan bu şəxslər başa düşmürlər ki, Hərbi Qənimətlər Parkı milli qürur hissimizin bərpa olunmasında və gənclərimizdə vətənpərvərlik hisslərinin formalaşdırılmasında müstəsna rol oynayır. Özünü azərbaycanlı hesab edən bu dırnaqarası "azərbaycanlı"larda öz ölkəmizə qarşı o qədər dərin nifrət hissi var ki, onlar hətta hazırda yaşadıqları ABŞ və Avropa ölkələrində müharibə qənimətlərinin nümayiş etdirildiyi muzeyləri də görməzdən gəlirlər. Özünü gah jurnalist, gah siyasətçi, gah da ekspert kimi qələmə verən Qənimət Zahid hətta özünün sevimli Fransasında da soyqırımı nümunələrinin və hərbi qənimətlərin açıq şəkildə nümayiş olunduğu tarixləri qəsdən unudur.
Müzəffər Azərbaycan Ordusu isə Fransa legionlarından fərqli olaraq heç vaxt işğalçı ordu rolunda çıxış etməyib. Bizim Ordumuz İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa edib, torpaqlarımızı işğaldan azad edib. Bakıda açılan Hərbi Qənimətlər Parkı da məhz tarixi ədalətin bərpa edilməsinin mücəssəməsidir. Sevinc Osmanqızı kimi manqurtların isə bu adi həqiqəti başa düşmələri üçün heç olmasa, biraz insaf hissinə malik olmaları bəs edər.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri