Newscenteraz.20.04.2021. Aprelin 20-də Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Çüniçi və həyat yoldaşı İsmayıllı rayonuna səfər edib. Yaponiyalı diplomat əvvəlcə rayon rəhbərliyi ilə görüşüb. Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov səfirə İsmayıllının tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Bildirilib ki, İsmayıllıda turizm sahəsinin inkişafı üçün bütün imkanlar mövcuddur. Səfirə rayonda reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verilib.
Newscenter.az-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, səfir Vada Çüniçi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, məqsədinin rayonla daha yaxından tanış olmaq olduğunu diqqətə çatdırıb.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Daha sonra səfir Azərbaycanın mirvarisi sayılan İsmayıllının gəzməli-görməli məkanları ilə tanış olub, velosiped zavodu, Heydər Əliyev Mərkəzi, Yapon bağı, xalça emalatxanası, Şahdağ Milli Parkı, Lahıc qəsəbəsi, İvanovka kəndi və kənddə fəaliyyət göstərən Nikitin adına kolxoza baş çəkib.
Diplomatik korpus rəhbəri velosiped zavodunda olarkən orada istehsal olunmuş velosipedlərdən birini sürüb və keyfiyyətinin yüksək olduğunu bildirib.
Səfir və onun xanımı Heydər Əliyev Mərkəzində olublar. Mərkəzin fəaliyyəti ilə yaxından maraqlanıblar. Yaponiyalı qonaq xatirə kitabına öz ürək sözlərini yazıb.
Daha sonra Heydər Əliyev adına parkda yerləşən ölkələrimiz arasında dostluq və qardaşlıq rəmzi olan yapon bağı qonaqlar tərəfindən ziyarət olunub. Vada Çüniçini və xanımını məktəblilər yapon dilində salamlayıb, onlarla səmimi söhbət aparıblar. Şagirdlər Yaponiyaya aid çəkdikləri şəkilləri qonağa təqdim ediblər, xatirə şəkili çəkdiriblər.
Anar