Newscenter.az.21.04.2021. Özünüməşğulluq proqramının təlim modulu elektronlaşdırılıb. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən virtual tədris platforması yaradılıb. Platforma bu gündən Dövlət Məşğulluq Agentliyinin istifadəsinə verilib.
Newscenter.az-a Agentlikdən bildirilib ki, bununla əlaqədar iki qurum nümayəndələrinin görüşü olub.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, BMTİP-nin Rezident Nümayəndəsinin müavini Çaru Bist və digər qonaqlar iştirak edib.
Dövlət Məşğulluq Agentliyi ilə BMT-nin İnkişaf Proqramının bir sıra önəmli layihələrə imza atdığını qeyd edən Mustafa Abbasbəyli səmərəli əməkdaşlığın mühüm fəaliyyət istiqamətləri üzrə genişləndiyini və birgə işlərin müsbət nəticələrini diqqətə çatdırıb.
Çaru Bist özünüməşğulluq proqramı üzrə yaradılan platformanın əhəmiyyətindən danışıb. Proqramın əhatə dairəsinin genişləndirilməsi üçün dəstək göstərməyə və bu məqsədlə yeni tərəfdaşlar cəlb etməyə hazır olduqlarını bildirib.
Azərbaycanın “Təlim İdarəetmə” və “Sahibkarlıq Bacarıqlarının İnkişaf Etdirilməsi sahəsində ilk virtual tədris platforması haqqında təqdimat edilib.
Bildirilib ki, özünüməşğulluq proqramı iştirakçıları elektron platformaya daxil olaraq canlı təlimlərdə iştirak edə, video dərslərə baxa, ekspertlərlə birlikdə onlayn qaydada biznes plan tərtib edə biləcək. Habelə təlimi başa vuran iştirakçıların qiymətləndirilməsi də bu platforma üzərindən həyata keçiriləcək.
Platforma 32 tədris videosu, 32 təlim materialı, 4 naviqasiya videosu, biznes plan sənədini yaratmaq üçün avtomatlaşdırılmış şablon, eləcə də məzmun idarəetmə sistemi və həyat dərsləri bölməsindən ibarətdir.
İstifadəyə verilən bu platforma yalnız özünüməşğulluq proqramına cəlb edilən və artıq təlimə hazır olan işsiz şəxslər üçündür.
Görüşdə onlayn tədris platformasının BMT-nin İnkişaf Proqramından Dövlət Məşğulluq Agentliyinə ötürülməsinə dair sənəd də imzalanıb.
Sevinc