Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmazda fermerlərə pomidor toxumları təqdim olunub



Newscenter.az.21.04.2021. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin Quba-Xaçmaz iqtisadi rayonunda həyata keçirilən layihələri çərçivəsində fəaliyyətlərinin icrası davam edir.

Newscenter.az-a BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Bakı ofisindən bildirilib ki, hazırda regionda icra edilən “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi və “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində regionda tərəvəzçilik təsərrüfatı ilə məşğul olan fermerlərə pomidor toxumları təqdim olunub.

Sözügedən hər iki layihə və Aqrar Xidmətlər Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində, Quba – Xaçmaz regionunda müəyyən edilmiş yerli fermerlərin və Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun Xaçmaz Bölgə Təcrübə Stansiyasının sahələrində beynəlxalq təcrübədən istifadə olunmaqla pomidor əkininin aparılması nəzərdə tutulur. Belə ki, fermerlərə pomidor toxumlarının paylanılması ilə yanaşı onlar üçün Azərbaycanda Zərərvericilərə qarşı inteqrir mübarizə, üzvi kənd təsərrüfatı və kimyəvi vasitələrdən düzgün istifadə qaydaları üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə tərəvəzçi fermerlər Xaçmaz DAİM-ə dəvət edilmiş və onlara BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının regionda həyata keçirilən layihələr haqqında məlumat verilmişdir.

Görüşdə “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin Quba regionu üzrə əməkdaşı Əzizağa Atakişiyev hər iki layihənin məqsəd və vəzifələri haqda məlumat verərək iştirakçıların suallarını cavablandırıb. Sonda fermerlərə toxumlar və bölgədə həyata keçirilən layihələrə dair informasiya materialları təqdim edilib.

FAO-nun həyata keçirdiyi, Avropa Ittifaqının maliyyələşdirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə ölkə üzrə 5 illik strategiya hazırlanması ilə yanaşı, 2 pilot regionda Gəncə və Quba regionlarında bu strategiyaya uyğun fəaliyyətlərin icra edilməsini nəzərdə tutur.

Eyni zamanda Qlobal Ekoloji Fond tərəfindən maliyyələşdirilən “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycanda zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin təkmilləşdirilməsi, yüksək təhlükləli pestisidlərə alternativ vasitələrin təşviqi və eləcə də, köhnəlmiş pestisidlərin məhv edilməsi üçün ölkə üzrə strategiyanın hazırlanması istiqamətində işlər davam etdirilir.

Sevinc

Xəbəri paylaş