Newscenter.az.22.04.2021. "Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə gömrük orqanları daha bir uğurlu əməliyyat keçirib".
Newscenter.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkədə yazıb.
"Əməliyyatçılarımızın peşəkarlığı nəticəsində 122 kiloqramdan artıq narkotik vasitə-heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb".
XXX
Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 122 kiloqramdan artıq narkotik vasitə -heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.
Newscenter.az-a DGK-dan bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Rusiya Federasiyasına alma yükü aparan İran İslam Respublikası vətəndaşı Nasiri Sadaghiani Peymanın idarə etdiyi “Scania” markalı “39AA901/39AA902” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.
Baxış zamanı kinoloji xidmət iti yük nəqliyyat vasitəsinin müxtəlif hissələrinə, eləcə də dartıcının kabinəsinə reaksiya verib.Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən müxtəlif rəngli 153 kapsula aşkar edilib.
Xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun arxa hissəsinə, iki taylı qapısına da reaksiya verib. Bundan sonra yük nəqliyyat vasitəsi Astara gömrük postunun inzibati ərazisində olan stasionar rentgen qurğusundan keçirilib. Bu zaman qapıların hər iki divarının arasında yerləşən, qoşqunun temperaturunun tənzimlənməsi məqsədi ilə zavod konstruksiyasında nəzərdə tutulmuş penoplast kütləsinin çıxarıldığı və yerinə qapının hündürlüyü boyunca qara rəngli parçaya bükülən 12 ədəd bağlamada hər birində 17-21 ədəd olmaqla, ümumilikdə 240 ədəd yapışqanlı lentlə sarınmış, düzbucaqlı formalı bağlamalar aşkarlanıb. Baxış zamanı bağlamalarda 122 kq 480 qram açıq-qəhvəyi rəngli narkotik vasitə-heroinin qablaşdırıldığı məlum olub.