Newscenter.az.22.04.2021. Nə erməni separatçıları, nədəki Rusiya sülhməramlıları Azərbaycanın Xankəndi şəhərində hərbi parad keçirə bilməz. Bu o qədər açıq-aydın və danılmaz bir həqiqətdir ki, hətta bu həqiqətin istər siyasi, istərsə hüquqi baxımdan isbat edilməsinə belə hər hansı bir ehtiyac görmürük. Rusiya sülhməramlılarının işi-gücü parad keçirmək deyil ki. Rus sülməramlıları sadəcə olaraq Dağlıq Qarabağda öz birbaşa funksiyalarını, missiyalarını vicdanla yerinə yetirməlidirlər. Onların üzərinə düşən yeganə iş budur.
Əgər onlar özlərini həqiqətən də sülhməramlı hesab edirlərsə, o zaman zəhmət çəkib bölgədə gerçəkdən də sülh yaratmalıdırlar. Sülhməramlılıq tərəflərin birinə təssübkeşlik edib, digərini isə qıcıqlandırmaq, təxribata çəkmək deyil. Rusiya sülhməramlılarının mayın 9-da Xankəndidə alman faşizmi üzərində qələbə paradının keçirilməsini planlaşdırmaları təxribatdan başqa bir şey deyil. Sülhməramlı adını daşıyan rusiyalı hərbçilər Dağlıq Qarabağda erməni revanşizmini, erməni separatçılığını lokallaşdırmaq əvəzinə, parad "şou"su göstərməyə hazırlaşırlar. Bu tamamilə absurddur.
Dünyadakı mövcud münaqişələrin tarixinə nəzər salsaq və həmin münaqişə zonalarında yerləşdirilən sülhməramlı kontingentlərin fəaliyyətini incələsək görərik ki, indiyə qədər heç bir sülhməramlı kontingent münaqişə zonasına daxil olan ərazilərdə öz ölkəsinin hərbi paradını keçirməyib. Rusiyanın Müdafiə Nazirliyi belə bir təxribatçı ideyanı hardan fikirləşib tapıb, nə üçün "icad" edib və bununla nəyə nail olmaq istəyir, bax, bütün bunlar qaranlıq məqamlardır.
Sülhməramlıların missiyası vəziyyəti gərginləşdirmək deyil, konfliktli vəziyyətləri aradan qaldırmaqdır, qarşıdurmalara yol verməməkdir. Ancaq biz belə görürük ki, Xankəndində parad keçirməklə rus sülhməramlıları neytrallığı, tərəfsizliyi pozmaqda, ermənilərə açıq şəkildə dəstək verməkdə maraqlıdırlar. Deyəsən, onlar unudurlar ki, bu cür məsələlər öncədən rəsmi Bakı ilə razılaşdırılmadan gerçəkləşdirilə bilməz. Azərbaycan tərəfi həmin gün sülhməramlıların yerləşdikləri modul tipli kazarmaların ərazisində təntənəli keçidlərin təşkil edilməsinə normal yanaşar. Onlar öz əsgər və zabit heyətləri üçün bu cür lokal miqyaslı, qapalı tədbirlər keçirmək istəyirlərsə, buyursunlar, keçirsinlər. Ancaq hərbi hissə daxilində təntənəli keçid təşkil etmək ayrı şeydir, Xankəndinin mərkəzində parad keçirmək isə tamam ayrı məsələdir. Bir ölkənin hərbçiləri başqa bir ölkənin şəhərində qələbə paradı keçirə bilməz. Bu aksiomadır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri