Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suverenliyin tam bərpa olunması üçün yaranmış yeni reallıqlar daha düzgün terminologiyalardan istifadəni zəruri edir



Newscenter.az.22.04.2021. Bu gün Azərbaycan xalqının qazanmış olduğu nailiyyətləri qorumaq, onları daha da dayanıqlı etmək, ümummilli və haqq işimizdə qələbəmizin bundan sonra da davamlı olaraq qalmasını təmin etmək üçün həmrəy olmağa, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək müstəqil Azərbaycanın suverenliyinin qorunmasına daha böyük ehtiyacı var.

Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin apardığı uzaqgörən və uğurlu siyasət nəticəsində müzəffər Azərbaycan Ordusunun İkinci Qarabağ Müharibəsində əldə etdiyi tarixi Qələbəsi nəinki regionda, hətta dünyanın qlobal siyasətində də yeni reallıqlar yaratdı, beynəlxalq mədəni əlaqələri, iqtisadi, sosial və ekoloji təhlükəsizliyin təmin olunmasında dönüş yaratdı.

Bu gün qlobal siyasətdə, habelə yeni qurulan diplomatiya sahəsində düzgün hədəflərin müəyyən olunması, habelə Azərbaycanın apardığı xarici siyasət doktrinasında çoxvektorluluğu təmin etmək başlıca vəzifələrdəndir. Azərbaycanın müstəqilliyinin qorunması, suverenliyinin tam bərpa olunması üçün yaranmış yeni reallıqlar daha düzgün terminologiyalardan istifadə edilməsini zəruri edir. Ermənistanın faşizm ideologiyası ünsürlərinin məlum kampaniyalarının qarşısının alınması, bizə qarşı yönəlmiş əsassız iddiaların ifşa edilməsi üçün ölkə rəhbərinin mövcud reallıqlar əsasında ifadə etdiyi sitatların və sözlərin istifadəsi xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezidentin söylədiyi kimi “Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi.” Bu baxımdan cari vəziyyət əvvəllər istifadə olunan və artıq aktuallığını itirmiş ifadələrin yerinə yenilərinin qəbul edilməsini diktə edir.

Əvvəl istifadə etdiyimiz “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” və “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında Ermənistan-Azərbaycan münaqişəsi” ifadələri suverenliyimizin bərpa edildiyini nəzərə alaraq yalnız 10 noyabr 2020-ci ilə qədər olan dövrə aid edilə bilər, hal-hazırda isə “Azərbaycan Respublikasının azad edilmiş əraziləri” ifadəsi bu ərazilərə münasibətdə daha düzgün işlənə bilər.
Və yaxud bu günə qədər “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşarı” termini Müzəffər Azərbaycan Ordusunun ərazilərimizi işğaldan azad etdikdən sonra dövlət sərhədinin yenidən qurulmasının və bərpasının həyata keçirilməsi ilə ləğv olundu. Bundan sonra Qarabağa səfər edəcək əcnəbi vətəndaşların qanunsuz səfəri müəyyən olunarsa artıq “Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşları” termininin istifadə olunması zəruriliyi ortadadır.

Beynəlxalq institutlarla, habelə beyin mərkəzləri yerləşən inkişaf etmiş dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın dərinləşməsi onların hazırladıqları hesabatlarda, rəsmi nümayəndələrin ifadələrində reallıqları əks etdirən yeni terminologiyanın daxil olmasına nail olmaq bu günki diplomatiyamızın əsas hədəflərindəndir. Bu işdə mədəni-ictimai-siyasi sahədə fəaliyyət göstərən bütün vətənsevər Azərbaycanlılar öz töhfəsini verməyi bacarmalıdır.

Zənnimcə Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri bir araya gələrək vahid, yeni terminologiyanın əsaslanmasını və təbliğatına dair istiqamətlərinin müəyyən olunaraq müxtəlif resurslar vasitəsilə milli diplomatiyamızın işinə töhfə verə bilər.

Yeni, post-konflikt reallığına uyğun ifadələrin və ya terminologiyanın yayılması, hal-hazırda hər bir Azərbaycanlının əməli işinə çevrilməli, “Biz birlikdə güclüyük” şüarını rəhbər tutaraq Prezident İlham Əliyevin xalqa açıq söylədiyi hər bir yeni reallığın təbliğatçısına çevrilməliyik. Azərbaycan xalqı bu günə kimi əldə etdiyi davamlı inkişafa məhz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək nail olmuşdur və bundan sonra da Azərbaycan xalqının dünyada sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunun bir daha sübut olunması işinə öz töhfəmizi verməliyik.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Xəbəri paylaş