Newscenter.az.23.04.2021. Meksikanın geniş izləyici kütləsinə malik “Canal Once” dövlət televiziyasının “Xəbərlər” proqramında regionda münaqişə sonrası durum və Azərbaycanın azad edilmiş ərazilərindəki öncül hədəfləri barədə respublikamızını bu ölkədəki səfiri Məmməd Talıbovun müsahibəsi efirə gedib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, müsahibədə işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın qarşısında duran ən ümdə məqsədlərin buranın yaşayış infrastrukturunun yenidən qurulması və azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtmasının təmin edilməsi olduğu bildirilib.
Bununla belə, qeyd olunan hədəflərin qısa zamanda reallaşdırılması üçün ciddi maneələrin mövcud olduğu, bu xüsusda, 30 ilə yaxın işğal müddətində bu ərazilərin infrastrukturunun tamamilə dağıdıldığı, tarixi-mədəni irsimizin geniş ölçüdə məhv edildiyi, habelə burada kütləvi minalanma aparıldığı və hazırda Ermənistanın beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq minalanmış bölgələrin xəritəsini verməkdən boyun qaçırdığı söylənilib.
Qeyd edilib ki, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan təcavüzkar siyasətindən əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və xalqını barışığa hazırlamalıdır.
Müxbirin Almaniya kansleri Angela Merkelin AŞPA-dakı çıxışı zamanı beynəlxalq hüququn fundamental prinsiplərinin pozulmasından danışarkən Qarabağı örnək olaraq göstərməsi ilə bağlı suala münasibətdə Azərbaycanın 30 ilə yaxın bir müddətdə məhz bu vacib məqama diqqət çəkməyə çalışdığı qeyd olunub və davamlı sülhün yeganə yolunun dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi olduğu bildirilib.