Newscenter.az.24.04.2021. Xankəndində cəmləşmiş erməni separatçılarının başçısı Araik Arutyunyanın Moskvaya çağırılması sıradan bir hadisə deyil. “Hraparak” qəzetinin yazdığı məqaləyə əsaslansaq, sözügedən səfər heç də könüllü xarakter daşımır. Belə ki, Araik Arutyunyanı Moskvaya həm xəbərdarlıq etmək üçün, həm də təlimatlandırmaq üçün çağırıblar. Söhbət hansı xəbərdarlıqdan və ya təlimatlardan gedir?
Müşahidələr onu göstərir ki, Moskva son vaxtlar A.Arutyunyanın müstəqil siyasət yürütməyə və öz addımlarını rəsmi İrəvanla, konkret desək Nikol Paşinyanın direktivləri ilə uyğunlaşdırmağa, sinxronlaşdırmağa çalışmasından narazıdır. Bu isə heç şübhəsiz ki, Moskvanın Ermənistan hərbçilərinin Qarabağdan çıxarılacağından sonrakı dövrə aid hazırladığı planlarla daban-dabana ziddir. Moskva bununla açıq-aşkar Ermənistanın Dağlıq Qarabağda hərbi varlığının bitməsindən sonrakı dövrə hazırlaşdığını nümayiş etdirir. Və Arutyunyana da başa salmaq istəyirlər ki, Moskvanın Dağlıq Qarabağda “ikihakimiyyətliliyə” dözmək fikri yoxdur. Yəqin ki, Araikə açıq mətnlə deyiblər ki, “sənin ağan Paşinyan yox, Putindir və sən bundan sonra İrəvanın yox, Moskvanın göstərişlərinə əməl etməlisən”. Böyük ehtimalla Moskvada A.Arutyunyanla Rusiya xüsusi xidmət orqanlarının görüşləri, məxvi söhbətləri məhz bu “ssenari” üzrə cərəyan edib. Çünki bu Moskva üçün olduqca vacib məsələdir.
Rusiya Cənubi Qafqazda mövcudluğunu davam etdirmək üçün Dağlıq Qarabağa nəzarət imkanlarını nəyin bahasına olursa-olsun öz əlində saxlamağa çalışır. Bu, Rusiya üçün ölüm-dirim məsələsidir. İndi Rusiyanın gələcək taleyi əsasən iki geopolitik vektor üzrə həll olunmaqdadır. Bunun biri Dağlıq Qarabağdır, digəri isə Donbasdır. Odur ki, Rusiyanın hazırda hər iki bölgəyə nəzarət uğrunda maksimum canfəşanlıq göstərməsi də məhz bundan qaynaqlanır. Rusiya Dağlıq Qarabağı öz nəzarət sferasında saxlamaq planlarını ilk növbədə bölgədəki satellitlərinin, “Moskva uşaqları”nın əliylə həyata keçirmək istəyir. Hazırda Xankəndidə “Moskva uşağı” rolunu canla-başla yerinə yetirməyə hazır olan ən potensial namizədlər isə Araik Arutyunyan və Vitali Balasanyandır. Moskva öz oyunlarını hələlik bu iki şəxsin üzərindən gerçəkləşdirməyə üstünlük verir. Araikin təcili qaydada Moskvaya çağırılması da ilk növbədə bununla əlaqədardır. Moskva Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı təqdirdə, Qarabağ məsələsinin birdəfəlik həll olunacağını və beləliklə Rusiyanın “oyundankənar” vəziyyətdə qalacağını başa düşür. Ona görə də bu prosesi önləməyə, əngəlləməyə çalışır. Bu məqsədinə nail olmaq üçün Araik kimi “xoluy”lardan, nökərlərdən istifadə edir. 44 günlük müharibədən sonra A.Arutyunyan Moskvaya bir neçə dəfə gizli səfər etməsi də məhz bununla bağlıdır.
Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən barəsində cinayət işi açılmış bir separatçının Rusiyanın paytaxtına bu cür rahat-rahat səfər etməsi və orada görüşlər keçirməsi ortaya bir sıra suallar da çıxarır. Moskvanın sözügedən separatçının sərbəst gediş-gəlişinə şərait yaratmasının Rusiyanın sülhməramlılıq və vasitəçilik missiyasına zidd olduğunu Kreml rəhbərliyi başa düşürmü? Bu adam kim olaraq, nə qismində, hansı statusda Moskvaya dəvət edilib? Rəsmi şəxs kimi, yoxsa özəl qonaq kimi? O, hansı pasportla və hansı ölkənin vətəndaşı kimi Moskvaya uçub? Moskva nə vaxtdan separatçılarla tərəf-müqabil kimi əməkdaşlıq etməyə, rəsmi görüşlər keçirməyə başlayıb? Bir separatçını və terrorçunu az qala dövlət başçısı statusunda dəvət etmək separatçılığı dəstəkləmək demək deyilmi? Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov Azərbaycanın ərazisində separatçı fəaliyyətlərdə yer almış, azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş bir şəxsi Moskvaya qonaq çağırmağın Azərbaycan və Rusiyanın strateji mütəfiqliyinin əleyhinə yönəldiyini, müttəfiqlik münasibətlərimizin zərbə altında qoyulduğunu başa düşürmü?
Biz bu suallara Mariya Zaxarova və Peskov kimi “tutuquşu”lardan yox, birbaşa Lavrovun özündən və Putindən cavab istəyirik. Çünki bütün bu oyunlar, bu planlar onların “beyin məhsulu”dur. Moskvanın Qarabağdakı separatçılarla bağlı hansısa oyunlar qurduğu göz qabağındadır və Kreml rəhbərliyi bütün bunlara aydınlıq gətirməlidir. Biriləri rəsmi Bakının Rusiyanın bu hərəkətlərinə sonsuza qədər təmkinlə yanaşacağını düşünməsinlər. Azərbaycanın da səbrinin limiti var. Azərbaycanın separatçılığa qarşı mübarizə apardığı bir məqamda Rusiyanın separatçılığı körükləməsi, separatçılarını başçısını “bəsləməsi” anlaşılan deyil. Rusiyanın bu addımları 10 noyabr Bəyanatının müddəalarına ziddir.
Rusiya hazırda bu kimi qeyri-konstruktiv addımları ilə bölgədə sülh yaratmağa yox, əksinə, kövrək sülhü sabotaj etməyə, pozmağa xidmət edir. Biz Rusiyanın A.Arutyunyanla sövdələşmələrini təxribatçı hərəkət kimi qiymətləndiririk. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkəmizdəki səfirini XİN-ə çağırıb, ondan məsələ ilə bağlı izahat tələb etməli və Moskvanın separatçılarla bağlı qapılar arxasındakı təmaslarını pisləməlidir. Əlbəttə, biz Rusiya ilə yaxın dostluq və qonşuluq münasibətlərinin, sıx iqtisadi və mədəni əlaqələrin tərəfdarıyıq. Lakin Rusiyadan da Azərbaycana qarşı eyni münasibətin göstərilməsini, müttəfiqlik münasibətlərimizə hörmətlə yanaşılmasını gözləməyə haqqımız var. Azərbaycan Qarabağ üzərindən oyunlar oynanılmasını yox, sadəcə olaraq 10 noyabr razılaşmasının şərtlərinin vaxtında və vicdanla yerinə yetirilməsini istəyir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri