Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyal Bəşirov yazır: Regionda vəziyyəti qarışdırmaqda maraqlı olan quvvələr kimlərdir?



Newscenter.az.24.04.2021. Terrorçu Araik Arutyunyanın Moskvaya səfər etməsi ilə yanaşı ümumilikdə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bir sıra müəmmalı olaylar baş verməkdədir. Bütün bu baş verənlər 44 günlük müharibədən sonra imzalanmış Rusiya dövlətinin təşəbbüsü və iştirakı ilə imzalanan Bəyanatın mahiyyətinə və məzmununa tam ziddir. Deməli bu neqativ məqamlar həmin bəyanatı imzalayanlarla yanaşı, onun təşəbbüskarı olan və həm də regionda sülhməramlılıq missiyasını üzərinə götürən Rusiya dövlətinin də mənafeləri ilə ziddiyyət təşkil edir. Bəs o zaman sual yaranır ki, regionda vəziyyəti qarışdırmaqda maraqlı olan o quvvələr kimlərdir?
Bu suala məntiqli cavab tapmaq üçün baş verən olaylara nisbətən geniş baxmaq daha məqsədəuyğun olardı. 10 noyabr kapitulyasiya aktını imzaladıqdan sonra gözlənildiyi kimi məğlub Ermənistanda ictimai və siyasi təlatümlər baş qaldırdı. Cəmiyyətin bu narazıçılğından Ermənistan müxalifəti və hakimiyyətə gəlmək istəyən bir sıra quvvələr öz maraqlarına uyğun istifadə etməyə çalışdılar. Təbii ki, Paşinyan və ona dəstək verən quvvələr də boş oturmadılar və fəaliyyətdə idilər.

Ermənistanın daxilindəki hazırki durum onu deməyə imkan verir ki, proseslər hələ hakim partiyanın istəyinə uyğun cərəyan erməkdədir. Ölkədə 20 iyun tarixinə növbədənkənar parlament seçkiləri elan etməklə Paşinyan ona hava və su kimi lazım olan zamanı əldə etdi. Bu zaman ərzində həm vəzifədə olan, həm də müxalifətdə olaraq ona qarşı olan quvvələri zərəsizləşdirmək imkanı qazandı.
Bu prosesin hazırda da davam etməsinə baxmayaraq qarşı tərəf də öz növbəsində ciddi müqavimət göstərməkdədir. Bu cür müqavimət həm ölkə daxlində, həm də ölkədən kənardan açıq şəkildə hiss olunur. Xüsusilə də, Ermənistanın forpostu olduğu şimal qonşumuzda hadisələrə təsir göstərən quvvələr daha çoxdur.

Hər birimiz müşahidə etdik ki, seçkilərdə qalib gəlmək üçün ermənistan seçicisinin deyil Mokvanın təyinatını qazanmağa çalışan Paşinyan və Köçəryan İrəvan Moskva yolunu su yoluna çeviriblər. Təbii ki, Rusiya dövlətinin rəsmi mövqeyi ilə yanaşı, ölkədə müxtəlif maraqlara xidmət edən quvvələrin də canfəşanlığı hiss olunmaqdadır. Həmin gözəgörünməz quvvələr seçki gününə qalmış zaman daraldıqca daha da aktivləşir və bütün istiqamətlərdə bacardıqları zərbəni endirməyə çalışır.

Onları rəsmi Moskvanın mövqeyi maraqlandırmadığı kimi, Rusiya dövlətinin 10 noyabr tarixli bəyanatdakı imzası və regionda sülhməramlı missiyası da qəti maraqlandırmır. Məhz bu quvvələr çox təhlükəli və hiyləgər addım olaraq Araik kimi terrorçunu Moskvaya qeyri-rəsmi olaraq dəvət etməklə Rusiya ilə Azərbaycan arasındakı mövcud münasibətləri gərginləşdirməkdə maraqlıdırlar. Digər tərəfdən də, bu addım İrəvanda seçki öncəsi vəziyyətin qarışmasına və nisbətən səngiməkdə olan iğtişaşların aktiv məcraya yönəlməsinə xidmət edir.

Təbii ki, bu cür dayaz neqativ addımlar Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirəcək gücdə və təsirdə deyil. Ancaq hər bir halda rəsmi Moskva bu cür həssas məqamlarla bağlı müdaxiləsini və reaksiyasını ortaya qoymalıdır. Çünki bu cür xoşagəlməz olaylar Azərbaycan cəmiyyətində haqlı narazılığın yaranmasına və ümumilikdə regionda sülhün təmin olunmasına xələl gətirə biləcək amillərdir. Həm də, təkcə Azərbaycanın deyil, regionun və ümumilikdə qonşu dövlətlərin ciddi marağında olan yeni reallığın davamlılığı baxımından da qeyri-adekvat vəziyyətin yaranmasına xidmət edir.

Ancaq həm bu addımın, həm də ümumilikdə regionda baş verən digər xoşagəlməz hadisələrin üçtərəfli bəyanatı təhlükə altına alacaq dərəcədə təsir imkanlarına malik olmadığını düşünürəm. Elə bu səbəbdəndir ki, regiondakı proseslərdə aktiv iştirak edən və mövcud vəziyyətin müşahidəçi missiyasını daşıyan Türkiyə dövlətinin bununla bağlı rəsmi münasibət yoxdur. Buna baxmayaraq, hər bir halda hesab edirəm ki, bu cür neqativ quvvələrin atdığı analoji addımlar bizim maraqlarımıza ziddir. Baş verənlərin davam edəcəyi və daha ciddi vəziyyət alacağı təqdirdə 1994-cü il 12 may tarixli atəşkəs razılaşması kimi, 10 noyabr tarixli Bəyanat da müzəffər Azərbaycan ordusuna hərəkətə keçməyə mane ola bilməz. Çünki heç bir quvvənin və heç bir sənədin Azərbaycanın dövlətçilik maraqlarını arxa plana ata biləcək gücdə olması mümkün deyil.

Xəyal Bəşirov
“Siyasi və Hüquqi Strateji araşdırmalar mərkəzinin rəhbəri”
Xəbəri paylaş