Newscenter.az.25.04.2021. ABŞ prezidentinin tarixdə olmamış, yalnız təhrif və yalan üzərində qurulmuş bir hadisəyə dair verdiyi bəyanat böyük təəssüf doğurur. Baydenin bəyanatı heç şübhəsiz ki, NATO-nun ən güclü dövləti olan Türkiyə ilə ABŞ-ın münasibətlərinə təsirsiz ötüşməyəcək.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, eyni zamanda, bu bəyanat dünyada yalanın ayaq tutmasına, beynəlxalq hüququn kobud şəkildə pozulmasına presedent olacaq:
"ABŞ prezidenti bu bəyanatı ilə demokratiya, insan hüquqları haqqında dediyi bütün ifadələrin də üzərindən qalın xətt çəkmiş olacaq. Əgər ABŞ özünü ədalət və demokratiya müdafiəçisi hesab edirsə, bir əsr öncə olmamış hadisəyə deyil, son 30 il ərzində baş vermiş Xocalı soyqırımını tanımalı, Ermənistanın ötən il beynəlxalq qanunlarla qadağan edilmiş silahlarla Gəncədə, Bərdədə, Tərtərdə onlarla insanı qətlə yetirməsinə siyasi qiymət verməli idi. Əgər biz bunu görmürüksə, demək ki, ABŞ-ın demokratiya, ədalət, insan hüquqları haqqında bəyanatlarını da boş, mənasız hesab etməliyik".
Deputat hesab edir ki, eləcə də, Baydenin yalnış qərarı, tarixi səhvi ABŞ-ın imicinə də böyük zərbə olacaq:
"Çünki bu cür bəyanarlar həssas bölgələrdə yaranmaqda olan sülh və əməkdaşlıq prosesini təhdid altında saxlayacaq. Əlbəttə ki, Baydenin qondarma “erməni soyqırımı” haqqında bəyanatı Azərbaycan ictimaiyyəti tərəfindən dərin təəssüflə qarşılandı. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqı Türkiyə xalqının yanında olduğunu birmənalı şəkildə ifadə etdi. Azərbaycan ictimaiyyəti hesab edir ki, bu cür bəyanatla qardaş Türkiyəyə, bütövlükdə Türk dünyasına zərər vura bilməyəcək, əksinə daha qətiyyətli qərarların verilməsinə, addımların atılmasına gətirib çıxaracaq".
Ruhiyyə