Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kadrlardan getdikcə daha düzgün istifadə edilir



Newscenter.az.26.04.2021. Bu gün ölkəmizdə hər sahədə müşahidə edilən inkişaf danılmazdır. Ölkənin siması gündən-günə dəyişir. Hər tərəf yenilənir, insanların rifah halı yüksəlir. Bir zamanlar heç kimin tanımadığı Azərbaycan haqqında hətta Avropa, Qərb rəsmiləri də “güclü və varlı dövlət” ifadələri işlədir. Özü də əvvəllər bunu şübhə altına alanlar vardısa, bu gün artıq ölkəmizin güclü və varlı olması heç kimdə şübhə doğura bilmir. Biz də vətəndaş olaraq, ölkəsini sevən insanlar olaraq buna sevinirik.

Bir də diqqətimizi çəkən odur ki, kadrlardan getdikcə daha düzgün istifadə edilir. Yeni dünya texnologiyaları, davranış qaydalarını yüksək səviyyədə mənimsəmiş gənclər irəli çəkilir, onlara etimad göstərilir. Təbii ki, yaşlı nəsildən olanların da hamısının üstündən xətt çəkilmir. Onların arasında zamanla ayaqlaşa bilən, öz üzərində işləyərək inkişafa nail olanlar da ölkənin kadr potensialında öz yerini tutmağa davam edir.

Amma bəzən də elə olur ki, özünü, yerini bilməz adamlar da yanlış olaraq vəzifə başına gətirilir və bundan sonra gözləri ayaqlarının altını görmür, millətin başına çıxmağa başlayırlar.

Belələrinə balaca bir kabinet və kreslo bəs edir ki, özlərini hakimi-mütləq, padişahi-mülk sansınlar. Bu tiplər böyük-kiçik anlamaz, başqalarının işlərinə burun soxmağı normadan sayarlar. Onlara elə gələr ki, tutduqları kürsü də, elə bu dünya da əbədidir. Sanki bir gün bunlar vəzifədən enməyəcək, sanki bu dünyanı ömür-billah tutub duracaqlar. Ona görə də birisinin bunlara işi düşəndə özlərini qaldırıb dağ başına qoyarlar. Ədəb bilməz, ərkan anlamazlar. Adi bir salamı belə düz-əməlli almağı bacarmazlar. Daha doğrusu, salam almağın nə olduğunu belə anlamazlar. Təbiidir əslində bütün bunlar. Çünki layiq olmadıqları mərtəbəyə yüksəldikləri üçün özlərini bir zad sanarlar və insanlara yuxarıdan aşağı baxarlar.

Hələ bunlar bağışlanası hallardır.

Bağışlanması çox çətin, bəlkə də mümkünsüz olan bir hal da var.
Bir də görərsən səni aparıb belə özünübilməzlərdən birinə həvalə etdilər ki, bəs, bu adamın rəhbərliyi altında işləyəcəksən. Bax, əsl məsələ də elə bundadır.

Bu gün sağda-solda alimlərə başçılıq edən nadanlar, illərin təcrübəsini çiyinlərində daşıyan insanlara yol göstərmək üçün təyin edilənlər o qədərdir ki…

Bir şeyi izah etmək istərsən də anlamır ki, bunlar. Dərhal da sənə xatırladırlar ki, bəs, axı rəhbər mənəm, sən mənim dediyimi etməlisən. İndi beləsinə necə izah edəsən ki, səni indi kiminsə qohumu olduğun üçün üzündən keçə bilməyib bura təyin ediblərsə, bu, hamıdan ağıllı olduğun anlamına gəlməz. Yaxud da düşünüblər ki, gəncsən, təcrübə toplar, millətə fayda verərsən, ona görə təyin ediblər. Yəni aldanıblar…
Belələri ətrafda həddən artıq çoxdur. Həddən artıq, bəli. Bunlar danışıqlarını bilməz, məmur kürsüsünün özəl bir ədəb-ərkan tələb etdiyini ağılları belə kəsməz. Ona görə də adi bir vətəndaş hardasa bir söz deyəndə, bir əməl törədəndə ona küçə adamları səviyyəsində cavab verərək bütün kinlərini, nifrətlərini qusarlar. Halbuki vəzifə başında olan adam, əksinə, hətta ona kobudluq edənlərə belə təmkinlə, nəzakətlə cavab verməsini bilməlidir. Çünki məmur dediyin xalqın qulluqçusudur axı…

Nə isə, bu yazını yazmağımın səbəbi bəlli olduğu üçün keçirəm dəvənin əhvalatına....
Hə, dəvə gəlir mətləb üstünə. Deyir, o məsələylə bağlı haqqımı heç cür halal edə bilməyəcəm, üzrlü say. İndiki dildə desək, dəvə iddia edir ki, bunu da halal etsəm xarizmam zədələnər.

Sahibi də qayıdır ki, neynək, de görüm hələ nədir, baxarıq. Dəvə deyir ki, yadındadırmı, bir dəfə səhrada yol gedirdik, sən yorulmuşdun? Sahibi də qayıdır ki, bir dəfə nədir, dəfələrlə olub ki, belə yol getmişik, elə sən də, mən də yorulmuşuq. Dəvə qayıdır ki, hə, düzdür. Amma bir dəfə heç yadımdan çıxmayacaq bir hadisə olmuşdu. Sən yorulmuşdun, taqətin qalmamışdı. Götürdün mənim ipimi bağladın eşşəyin quyruğuna. Eşşək öndə, mən də ardınca yola davam etdik. Bax, onu sənə heç cür bağışlaya bilmərəm və haqqımı da halal etmirəm…
Dəvə yiyəsi baxır ki, doğrudan da elə bir günah edib ki, bunu heç o dünyada da yuyub qurtara bilməyəcək. Beləcə dəvəsindən halallıq almadan gözünü yumur dünyaya…

Yəqin ki, arif oxucular anladı nə demək istədiyimi. Ona görə də sözümüzü burda bitirək və arzu edək ki, bir daha bu mövzuya qayıtmalı olmayaq…

Söz ardı olaraq sadəcə əlavə edim ki, bu mövzu illərdir məni rahatsız edirdi. Hər dəfə də yazmaq istəyəndə, lənət şeytana deyib keçirdim. Deyirdim, başqa cür anlarlar. Amma ətrafda gördüklərim, eşitdiklərim məcbur edir ki, artıq düşündüklərimi qələmə alım. Aldım da. Necə deyərlər, paylı payını götürsün…

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş