Newscenter.az.26.04.2021. Erməni lobbisinin tarixi saxtalaşdırmaq və təhrif etmək cəhdinin növbəti təzahürü olan C.Baydenin “bəyanatı” heç bir şəkildə Türkiyənin qlobal güc roluna və regiondakı mövqelərinə təsir edə bilməz.
ABŞ prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi əsassız, qərəzli bəyanat siyasi mövqeyindən asılı olmayaraq, bütünlükdə Azərbaycan cəmiyyətində böyük təəssüf və ikrah hissi ilə qarşılandı. Təbii ki, Türkiyəyə qarşı ağır iftira, növbəti siyasi təzyiq və təhdid vasitəsi olan bu bəyanat ciddi şəkildə qınaq obyektinə çevrilməli, qətiyyətlə rədd edilməlidır. Uzun illərdir ki, erməni diasporunun və lobbisinin Türkiyəyə qarşı siyasi spekulyasiya aləti kimi istifadə etməyə çalışdığı qondarma “erməni soyqırımı” ifadəsinin ABŞ Prezidentinin dilindən səsləndirilməsi Baydenin seçki kampaniyasında ermənilərin maliyyə və səs dəstəyinə qarşı verdiyi sözün nəticəsi olsa da, bu ədalətsiz bəyanatın ABŞ üçün ağır siyasi, iqtisadi və hüquqi nəticələri olacağı şübhəsizdir. Bu uğursuz və düşüncəsiz açıqlamanın hər hansı bir tarixi, siyasi və ya hüquqi əhəmiyyəti, qüvvəsi olmasa da, ədalətin, insan haqlarının, beynəlxalq hüququn mövcud olduğu dünya ölkələrinin, xüsusilə bütün Türk dünyasının təxribat xarakterli bu addıma birmənalı, adekvat və sərt reaksiyası olmalıdır.
Tarixdən məlumdur ki, "erməni soyqırımı" Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlib. Böyük dövlətlər özlərinin işğalçılıq siyasətini həyata keçirmək məqsədilə ermənilərdən bir vasitə kimi istifadə ediblər. Şərq məsələsinin kökündə isə Osmanlı İmperiyasının torpaqlarının bölüşdürülməsi, Türkiyənin bir dövlət kimi məhv edilməsi, onun torpaqları hesabına bufer dövlətlərin yaradılması dayanırdı. Habelə, həmin məsələ Şərq xalqlarına qarşı böyük dövlətlərin işğalçılıq planlarının təzahürü idi. Ermənilər tarixi faktları zaman-zaman saxtalaşdırıblar.
Məqam düşəndə də qırğınları törədən xain, nankor daşnaklar olublar. Ermənilərin Bakı, Şamaxı, Quba və digər bölgələrimizdə törətdikləri qırğınları, talanları bu gün tarixi faktlar, sənədlər də sübut edir. Qondarma “erməni soyqırımı” məsələsinin harada və necə müzakirə edilməsindən asılı olmayaraq, ümumilikdə bu, həm Türkiyəyə, həm də Azərbaycana qarşı yönəldilmiş bir mövzudur. Belə iddialar həqiqətdən uzaq olmaqla yanaşı, erməni lobbisinin, Ermənistan dövlətinin və onlara havadarlıq edən bəzi imperialist güclərin siyasi ambisiyalarına xidmət edir.
Hər il aprel ayının 24-də dünyanın aparıcı ölkələrində əlləri yüz minlərlə türkün qanına boyanan, qatı şovinistliyi ilə tanınan, türk düşmənçiliyini dövlət siyasətinə çevirən erməni daşnakları uydurma “erməni soyqırımı” yalanını təmtəraqlı şəkildə qeyd edirlər. Onlar erməni millətini “məzlum”, “əzabkeş” qismində dünya birliyinə təqdim etməyə çalışırlar. Bəs, görəsən, niyə xatırladılmır ki, XIX əsrin əvvəllərindən çar Rusiyasının Cənubi Qafqazın işğalına başlaması ilə İrandan və Osmanlı imperiyasının ayrı-ayrı əyalətlərindən köçürülən ermənilər tədricən Azərbaycan ərazilərində yerləşdirilməklə imperiya maraqlarına uyğunlaşdırılmışdı. Niyə deyilmir ki, 1918-ci ilin mart günlərində ermənilər təkcə Bakıda üç gün ərzində 12 min, Şamaxıda 8-12 min, bütövlükdə qəzanın 72 kəndində 40 min, Quba qəzasında 7-8 min nəfərdən çox, Zəngəzur qəzasında 10068 nəfər azərbaycanlını qanına qəltan etmişlər.
Ermənilər terrordan qaynaqlanan, terrordan qidalanan və terror təşkilatları əsasında qurulub yaradılan bir dövlətdir. Unutmamalıyıq ki, məhz bu dövlətdə Azərbaycanın əzəli tarixi torpaqlarında yaradılıb.
Otuz ilə qədər erməni işğalına məruz qalan Azərbaycanın tarixi torpaqları ilə bağlı dünyanın nüfuzlu təşkilatları ədalətli mövqe sərgiləmədi, təcavüzə məruz qalanla təcavüzkarı bərabər tutdular, Azərbaycanın haqlı tələblərini eşitmək istəmədilər. Beynəlxalq hüququn gücsüzlüyünü görən Azərbaycan gücün hüququndan istifadə edərək 44 gün ərzində öz tarixi torpaqlarını düşmən əsarətindən azad etdi. Qarabağ azaddır, Qarabağ Azərbaycandır.
Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilatının sədri