Newscenter.az.26.04.2021. Məşğulluq səviyyəsinin artırılması üçün işəgötürənlərlə silsilə görüşlər başlanıb. Newscenter.az quruma istinadən xəbər verir ki, bu gün belə görüşlərdən ilki baş tutub. “Uğurlu sosial tərəfdaşlıq məşğulluğun təminatıdır” mövzusunda keçirilən görüşdə Dövlət Məşğulluq Agentliyi və 4 saylı Ərazi Məşğulluq Mərkəzinin nümayəndələri, eləcə də 4 saylı Ərazi Məşğulluq Mərkəzində fəaliyyətdə olan işəgötürən qurumların nümayəndələri iştirak edib.
Əhalinin məşğulluğunun artırılması üçün işəgötürənləri əməkdaşlığa cəlb etmək və onları bu istiqamətdə göstərilən Dövlət dəstəyi barədə məlumatlandırmaq məqsədi daşıyan görüşdə iştirakçılara işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsi və sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşların kvota yerləri üzrə yerləşdirilməsi, Sosial iş yerləri üzrə əməkhaqqının birgə maliyyələşdirilməsi və vakansiya bankının formalaşdırılması mövzularında məlumatlar verilib.
Dövlət Məşğulluq Agentliyinin fəaliyyətində, həyata keçirdiyi layihələrdə Birinci Qarabağ müharibəsi veteranları, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, eləcə də qazilərimizə xüsusi üstünlük verildiyini qeyd edən Agentlik nümayəndələri işəgötürənləri də həssas qruplara daxil olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə öncəlik verilməsi yönündə tövsiyələrini qeyd ediblər.
Görüşün davamında artıq Agentliklə əməkdaşlığa başlayan şirkətlərin təəssüratları və təklifləri dinlənilib, işəgötürənlərin sualları cavablandırılıb, görüşlərin mütəmadi olaraq təşkil ediləcəyi qeyd edilib.
Sevinc